Mingəçevir Yüksək Texnologiyalar Parkında
“Simbioz” texnoloji biznes inkubatoru istifadəyə verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi Azərbaycanın bölgələrində startap ekosisteminin formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, eyni zamanda, gənc sahibkarlıq (startaplar) və innovativ təşəbbüskarlıq mövzularında təlimlərin təşkil olunması məqsədilə Mingəçevir Yüksək Texnologiyalar Parkında “Simbioz” texnoloji biznes inkubatorunu istifadəyə verib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə İnnovasiyalar Agentliyi və Mingəçevir Dövlət Universiteti arasında innovasiya sahəsində birgə əməkdaşlığın qurulması, müştərək layihələrin hazırlanması və icra edilməsi, tələbələr arasında innovativ və kreativ düşüncə tərzinin formalaşdırılması, mütəxəssislərin hazırlanması və startaplara inkubasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Sənədi İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.
“Simbioz” texnoloji biznes inkubatoru universitet tələbələri, gənc tədqiqatçılar, magistrant və doktorantlara praktiki, elmi-texniki biliklərini müxtəlif istiqamətlər üzrə inkişaf etdirməyə və artırmağa kömək edəcək. Həmçinin inkubasiya mərkəzində universitet tələbələrinin müxtəlif sahələr üzrə biliklərini artırmaq, innovativ və kreativ düşüncə tərzini formalaşdırmaq istiqamətində təlim kurslarının və təcrübələrin təşkil edilməsi nəzərdə tutulub. İnnovasiyalar Agentliyi və Mingəçevir Dövlət Universitetinin birgə fəaliyyəti ilə regionda gənclər arasında texnika sahəsinə marağın artırılması və bu sahəyə maraq göstərən istedadlı gənclərin müəyyən edilməsi istiqamətində birgə işlər aparılacaq. “Simbioz” texnoloji biznes inkubatorunda startap tələbə və məzunların, eyni zamanda, müəllimlərin innovasiya və yüksək texnologiyalar üzrə layihələrini həyata keçmələri üçün İnnovasiyalar Agentliyi tərəfindən bütün növ istifadə imkanları yaradılacaq.
{phocagallery view=category|categoryid=281|limitstart=0|limitcount=0}