2022-ci ilin 23-24 noyabr tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutu və Baki Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransında Mingəçevir Dövlət Universiteti (MDU) də fəal təmsil olunub.
Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfransın açılışında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıblar.
Konfransın bölmə iclaslarında MDU əməkdaşlarından Gülnarə Qurbanova “Orta məktəblərin yuxarı siniflərində slənqlərin öyrənilməsinin vacibliyi”, Xəyalə Xəilova “Aqrar sektorda kooperasiyalaşmanın sosial-iqtisadi səmərəliyi” və Məryəm Əsədova “Blokçeyn texnologiyası: ağıllı şəhərlərin inkişafına hərəkətverici qüvvə” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və məruzəçilər müvafiq sertifikatlarla təltif olunublar.