Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”

  • Post category:Xəbərlər (AZ)

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”

 

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi, həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız və bütün dünya üçün nümunədir.

Ölkələrin iqtisadi potensialı qardaşlığımızın qüdrətini artırır. Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.

Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss edib. Türkiyə II Vətən müharibəsinin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır.

İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir.

Hər iki ölkənin hakim partiyaları YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir.

Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir.

YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çox istiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir.

Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.

Elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar.

Türkiyə Azərbaycan dostluğu qardaşlığını heçbir qüvvə sarsıda bilməz.

 

Mirzə Cavadov,

MDU-nun baş müəllimi