Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu və Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) layihəsi çərçivəsində iki vacib tədbir keçirilib.
2024-cü ilin 22 may tarixində yerli və xarici qonaqların iştirakı ilə baş tutan menecment görüşündə UNEC, Azərbaycan Texnologiya Universiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU), Sumqayıt Dövlət Universiteti (SDU), Danimarkanın Danimarka Texniki Universiteti (DTU), İtalyanın Boloniya Universiteti (UNIBO) və İsveçin KTH Royal Texniki İnstitutunun nümayəndələri iştirak ediblər. Görüş zamanı REFRESH layihəsinin keyfiyyət planı, iş paketləri üzrə görülmüş və planlaşdırılan işlər barədə danışılıb, ISCEMR-2024 Konfransında REFRESH layihəsinə həsr olunmuş paneldə spikerlərin çıxışı, layihənin təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə tərəfdaşlarının iştirak imkanları müzakirə olunub.
Cari ilin 23 may tarixində Heydər Əliyev Mərkəzi, UNEC, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) keçirilib. “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində təşkil olunan konfrans “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Görüşdə REFRESH layihəsinin təbliğat planının icrasına əsasən aktual mövzularda panel müzakirələr keçirilib. Tədbirin 1-ci panelində UNIBO, DTU və KTH-nin layihə üzrə nümayəndələri spiker qismində çıxış edərək, ölkələrinin təcrübələrini bölüşüb, Azərbaycan üzrə müqayisəli təhlillər aparıb və auditoriyadan verilən sualları cavablandırıblar.
Görüşlərdə MDU-nu universitetin Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədova təmsil edib.