Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrindən ibarət nümayəndə heyəti pilotsuz uçuş aparatları (PUA) sahəsində bilik və bacarıqların artırılması məqsədilə Milli Aviasiya Akademiyasında təşkil olunan təkmilləşdirmə proqramında iştirak edib.
MDU-nun beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Beynəlxalq İHA Texnologiyaları İnkişafı Layihəsi”nin tərkib hissəsi olan proqramın əsas məqsədi iştirakçıların PUA texnologiyaları sahəsində nəzəri və praktik hazırlığını gücləndirməkdir.
Təlim proqramının ilk günündə iştirakçılar Akademiya tərəfindən qarşılanaraq proqramın məzmunu və məqsədləri ilə tanış olublar. Daha sonra pilotsuz uçuş aparatlarının növləri, tətbiq sahələri və texniki xüsusiyyətləri barədə geniş təqdimatlar keçirilib.
Proqram çərçivəsində iştirakçılara PUA-ların aerodinamikası və uçuş dinamikası, idarəetmə mexanizmləri, uçuş texnikaları, həmçinin təhlükəsizlik və istismar prinsipləri üzrə nəzəri biliklər təqdim olunub. Bununla yanaşı, pilotsuz uçuş aparatlarının konstruksiyası, əsas komponentləri və istifadə olunan texnoloji avadanlıqlar barədə praktiki izahlar verilib.
Xüsusilə, PUA-ların hazırlanmasında istifadə olunan materiallar, qurğular və 3D çap texnologiyaları ilə bağlı keçirilən sessiyalar iştirakçılar üçün böyük maraq doğurub. Təlimlər zamanı müxtəlif komponentlərin funksiyaları, onların inteqrasiyası və prototipləşdirmə prosesləri əyani şəkildə nümayiş etdirilib.
Mingəçevir Dövlət Universitetinin rəhbərliyi tərəfindən göstərilən yüksək səviyyəli təşkilati dəstəyə və yaradılan əlverişli təlim şəraitinə görə Milli Aviasiya Akademiyasının rəhbərliyinə və kollektivinə təşəkkür və minnətdarlıq ifadə olunur.
Qeyd olunan proqram MDU-da mühəndislik istiqamətləri üzrə təhsil alan tələbələrin praktiki biliklərinin artırılmasına, eyni zamanda universitetdə PUA texnologiyaları üzrə potensialın formalaşdırılmasına xidmət edir.
Bu təşəbbüs universitet–sənaye–tədqiqat inteqrasiyasının gücləndirilməsi, yüksək texnologiyalar sahəsində insan kapitalının inkişafı və regionda innovasiya yönümlü fəaliyyətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.