Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının

açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib.

İki gün davam edəcək konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Açılış mərasimində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini bildirib. Ölkəmizdə elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyən rektor son illər universitetdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini bildirib. C.Cəfərov vurğulayıb ki, ADPU-nun tədqiqat universiteti statusu alması qarşıda duran əsas vəzifələrdən biridir. Universitetdə gənc tədqiqatçıların yetişdirilməsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirilir.

Təhsil naziri Ceyhun Bayramov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan C.Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib. Qeyd olunub ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.

C.Bayramov bildirib ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci ildə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. E.Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, gənc alimlərə kömək məqsədilə fond tərəfindən reallaşdırılan qrant layihələrinin uğurlu nəticələrindən danışıb.

Sonra gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.

Konfrans öz işini 15 bölmədə davam etdirib. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub.

Konfransın işində və bölmə iclaslarında iştirak edən doktorant və gənc tədqiqatçılar arasında Mingəçevir Dövlət Universitetinin 11 nəfər əməkdaşı respublikanın müxtəlf aparıcı ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında tədqiqat işlərini davam etdirməklə yanaşı, konfransa təqdim etdikləri tezislərlə çıxış ediblər.

Energetika, neft-qaz bölməsi üzrə Şəbnəm İslamova “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanları” mövzusunda;

Coğrafiya və ekologiya bölməsi üzrə Aysel Qocayeva “Mingəçevir hidrokompleksi Azərbaycanın həyat təminatıdır” mövzusunda;

İqtisadiyyat bölməsi üzrə Zaur Rəsulov “Azərbaycan şirkətlərində işgüzar karyeranın planlaşdırılması heyətin idarə olunması texnologiyası kimi” mövzusunda;

Yeganə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti” mövzusunda;

Aynur Namazova “Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri” mövzusunda;

Vüqar Məmmədli “Bələdiyyələrin iqtisadi fəaliyyəti hesabına yerli büdcənin gəlirlərinin artırılması” mövzusunda;

Tarix, Fəlsəfə və siyasi elmlər bölməsi üzrə Vüsalə Mövlayeva “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması” mövzusunda;

Azərbaycan filologiya bölməsi üzrə Xəyalə Abdullayeva “Yazılı nitqdə sitat və əlaqələndirici ifadələr (atalar sözləri, epiqraf, interferensiya)” mövzusunda;

Ayna Babazadə “Əzizə Cəfərzadənin hekayələrində tarixi gerçəkliyə yeni baxış“mövzusunda;

Lamiyə İbrahimova “Azərbaycan və rus dilləri sistemində frazeoloji paradiqm problemi” mövzusunda;

Psixologiya bölməsi üzrə Könül Cabbarova “Kütləvi informasiya vasitələrinin yeniyetmə və gənclər arasında deviant davranışın formalaşmasına təsiri” mövzusunda çıxış ediblər.

Konfrans çərçivəsində ADPU-nun məzunları olmuş akademik Yusif Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların da açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.

{phocagallery view=category|categoryid=82|limitstart=0|limitcount=0}