MDU-da Respublika fənn olimpiadalarının şəhər mərhələsinin qaliblərinə məsləhət saatları təşkil edilib

  • Рубрика записиRiyaziyyat

2022-ci ilin 22 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) və Mingəçevir şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Respublika fənn olimpiadalarının (RFO) şəhər mərhələsinin qalibləri üçün növbəti mərhələyə hazırlıq məqsədilə məsləhət saatları təşkil edilib. Məsləhət saatlarına universitetin Riyaziyyat, İnformasiya Texnologiyaları, Humanitar fənlər, Fizika və ekologiya kafedralarının əməkdaşları cəlb olunublar.

MDU-nun akademik heyət üzvlərindən Rövşən Babayev, Gülər Əjdərzadə, Könül Aydın, Elçin Tağıyev və Cavid Abbasov riyaziyyat, tarix, Azərbaycan dili və ədəbiyyat, informatika və kimya fənləri üzrə RFO-nun növbəti mərhələsində iştirak hüququ qazanmış şagirdlərə müvafiq tövsiyələrini çatdırıblar, ötən illərin yarımfinal və final mərhələlərinə aid tapşırıqların izahını veriblər və təqdim edilən sualları cavablandırıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da ümumtəhsil məktəbləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu çərçivədə pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, müəllimlərin təcrübəsinin artırılması, tələbə və şagirdlərin hərtərəfli inkişafı məqsədilə müvafiq birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.