MDU-da tələbə-gənclər arasında “Ailə və milli mənəvi dəyərlərimizin təbliği” mövzusunda “Dəyirmi masa” keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da tələbə-gənclər arasında “Ailə və milli mənəvi dəyərlərimizin təbliği”

mövzusunda “Dəyirmi masa” keçirilib

22 yanvar 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən “Ailə və milli mənəvi dəyərlərimizin təbliği” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev ailə dəyərlərindən danışıb, hazırda cəmiyyətimizin üzləşdiyi ailə problemlərinin mənbələri və onların həlli imkanları və üsulları haqqında qeyd edib. Bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır.

Samrin Xanlayev qeyd edib ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlar dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Samrin Xanlayev Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynadığını vurğulayıb. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Ailə münasibətlərində bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməli olduğunu bildirib.

Sonra “Dəyirmi masa” iştirakçıları mövzu ilə bağlı fikirlərini və qeyd olunmuş problemin həlli istiqamətində cəmiyyət üzvlərinin və xüsusilə də gənclərin üzərinə düşən vəzifə və öhdəliklər haqqında danışıblar.

Daha sonra Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Azərbaycan ailəsi 2018” film festivalında seçilmiş Orxan Cahangirovun “Sonradan”, Soltan Abbasbəylinin “Öz əlindədir” adlı sosial çarxları, Məhəmməd Qulamovun “Bir an”, Səriyyə Cəfərovanın “Xocalıda məhv olmuş 8 ailə” adlı qısametrajlı filmləri nümayiş olunub.

Tədbir iştirakçıları sosial çarx və filimlər barədə geniş fikir mübadiləsi aparıblar.

 

{phocagallery view=category|categoryid=110|limitstart=0|limitcount=0}