MDU kollektivi Energetiklər Gününə həsr olunmuş tədbirdə təmsil olunub

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup kollektiv üzvü “Azərbaycan İES” MMC-də 20 Oktyabr – Energetiklər Gününə həsr olunmuş tədbirdə iştirak edib.

 

Əvvəlcə, tədbirdə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin energetiklərin peşə bayramı münasibətilə təbrik məktubu səsləndirilib. Sonra, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, MDU-nun rektoru Şahin Bayramov, “Mingəçevir SES Silsiləsi” MMC-nin direktoru Oqtay Pirverdiyev və baş mühəndisi Yusif Əzizov, Mingəçevir REŞ MMC-nin baş mühəndisi Rövşən Mustafayev çıxış edib. Çıxışlar zamanı Azərbaycanda energetikanın keçdiyi inkişaf yolu, dövlətin diqqət və qayğısı, əldə edilən uğurlar, gələcək hədəflər, energetika təhsilinin mövcud vəziyyəti və perspektivləri barədə danışılıb, bayram təbrikləri ifadə edilib.

 

Tədbirdə rektor Ş.Bayramov energetika sahəsində mütəxəssislərin yetişdirilməsində peşəkar və səmərəli fəaliyyətinə, eləcə də “Azərbaycan İES” MMC ilə sıx əməkdaşlığına görə təşəkkürnamə ilə təltif olunub.

 

Göstərilən diqqətə görə “Azərbaycan İES” MMC-nin rəhbərliyinə təşəkkürünü bildirən Ş.Bayramov MDU məzunlarının energetika müəssisələrində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Hazırda “Azərbaycan İES” MMC-də 100-dən artıq MDU məzununun müxtəlif vəzifələrdə çalışdığını vurğulayan rektor, eləcə də MDU tələbələrinin burada təcrübə keçməsi üçün yaradılan imkanlardan razılığını bildirib.

 

Vətən müharibəsi dövründə Mingəçevir şəhərində yerləşən enerji müəssisələrinə yönələn erməni təxribatından bəhs edən rektor hazırda doğma Qarabağımızda aparılan kompleks quruculuq işlərində energetiklərin ön sıralarda getdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonaları konsepsiyasının tətbiqindən danışan Ş.Bayramov bu istiqamətdə atılan addımların ölkəmizin energetika potensialının gücləndirilməsində əhəmiyyətli rol oynayacağını bildirib. Energetika sahəsində çalışanları əsl fədakar adlandıran rektor onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. MDU ilə “Azərbaycan İES” MMC arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən söhbət açan Ş.Bayramov birgə səylər nəticəsində energetika sahəsində tədrisin keyfiyyətinin yüksələcəyinə və enerji müəssisələrinin yüksək ixtisaslı mütəxəssislərlə təminatının yaxşılaşacağına əminliyini bildirib.

 

Daha sonra, əmək fəaliyyətində fərqlənən energetiklərə təşəkkürnamələr təqdim olunub. MDU-nun rektoru tərəfindən bu ali təhsil müəssisəsinin “Azərbaycan İES” MMC-də çalışan məzunlarına təbriknamə təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

 

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da sənaye ilə əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılır. Energetika sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə MDU “Azərbaycan İES” MMC ilə işbirliyinə xüsusi önəm verir.