Mingəçevir Dövlət Universitetinin rektoru Praqada konfransda iştirak edib

  • Рубрика записиXəbərlər (AZ)
                                                                                                                   

Mingəçevir Dövlət Universitetinin rektoru Praqada konfransda iştirak edib

 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov cari ilin 12-13 dekabr tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “Ali təhsil islahatları ekspertlərinin illik konfransı”nda iştirak edib. Avropa Komissiyasının və Avropa Universitetlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransa 31 ölkədən 100-dən artıq nümayəndə qatılıb.

Çexiyanın Karlova Universitetinin evsahibliyi ilə təşkil olunan tədbirdə ali təhsildə sosial inkluzivlik strategiyaları, inkluzivlik və mobillik, inkluzivlik və beynəlmiləlləşmə, müxtəlif mədəniyyətləri təmsil edən tələbələrdən ibarət auditoriyalarda tədrisin təşkili, fiziki qüsurlu və digər imtiyazlı qrupları təmsil edən gənclərin ali təhsilə fəal surətdə cəlb olunması və digər mövzularda müzakirələr aparılıb. Eyni zamanda, konfransda ali təhsil müəssisələri tərəfindən əmək bazarı ehtiyaclarının nəzərə alınması mexanizmləri, universitet – sənaye işbirliyi modelləri, tələbələrdə sahibkarlıq və innovasiya bacarıqlarının yaradılması, ömürboyu təhsil və davamlı professional inkişaf, cəmiyyət həyatının rəqəmsallaşması kontekstində ali təhsilin məzmununun təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş panel iclasları keçirilib.

Konfrans çərçivəsində iştirakçılara Avropa Komissiyasının 2021-2027-ci illərdə həyata keçirəcəyi yeni Erasmus+ proqramı haqqında ətraflı məlumat verilib.

         Konfransda MDU-nun rektoru ilə bərabər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və Azərbaycanda Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib. Azərbaycan nümayəndə heyəti konfransın işində fəallığı ilə seçilib.

 {phocagallery view=category|categoryid=280|limitstart=0|limitcount=0}