Dosent Hüseynova Emiliya Yəhya qızı
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə qeyd etmişdir ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Belə fədakar müəllimlərimizdən biri də Mingəçevir Dövlət Universitetinin Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosenti Emilya Hüseynovadır.
Hüseynova Emiliya Yəhya qızı 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. 1970-ci ildə 11 nömrəli orta məktəbi bitirib. 1970-1975-ci illərdə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb, ixtisasca “Maşınqayırma sənayesinin iqtisadiyyatı və təşkili” üzrə iqtisadçı- mühəndis ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1975-ci ildə Mingəçevir Yol maşınları zavodunda başlayıb. 1975-1981-ci illərdə Mingəçevir Yol maşınları zavodunda iqtisadçı-normalaşdırıcı, böyük mühəndis, mühəndis-texnoloq vəzifələrində işləyib. Bacarıqlı mütəxəssis kimi şəhər Partiya Komitəsinə irəli çəkilib. 1982-1991-ci illərdə şəhər Partiya Komitəsində təlimatçı, partiya uçotu bölməsinin müdiri vəzifələrində çalışıb. 1983-cü ildə Bakı Ali Partiya məktəbin qəbul olub və 1985-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub.
1991-ci ilin oktyabrından 1995-ci ilin sentyabrına qədər Mingəçevir Politexnik İnstitutunun “İctimai fənlər” kafedrasında baş laborant, sonra müəllim-assistent, baş müəllim vəzifəsində, 1995-ci ilin sentyabrından 2003-cü ilin noyabrına qədər “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında baş müəllim və kafedra müdirinin müavini vəzifəsində işləmiş, 2003-cü ilin noyabrından 2011-ci ilin mayına qədər “Mühəndis iqtisadiyyatı və idarəetmə” kafedrasının dosenti və kafedra müdirinin müavini vəzifələrində, 2011-ci ilin mayından hal-hazıra kimi “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent vəzifəsində çalışır.
1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı olub.
Akademik Musayev Akif Fərhad oğlunun rəhbərliyi ilə 2000-ci ilin oktyabrında iqtisad elmləri namizədi alimlik dərəcəsi üzrə “Azərbaycan Respublikası iqtisadiyyatının idarə edilən ekoloji modelinin yaradılması” mövzusunda dissertasiya işi müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2008-ci ilin oktyabrında isə dosent elmi adı verilib.
2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Bu günədək peşəkar müəllimin çoxsayda elmi məqaləsi çap olunub.
Təcrübəsi qədər hər zaman gənclərə qayğı göstərən, mehriban, tələbələrin, əməkdaşların sevimlisi Emiliya müəlliməyə can sağlığı və fəaliyyətində bol nailiyyətlər diləyirik.