Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Riyaziyyat müəllimliyi” ixtisasında təhsil alan IV kurs tələbələri pedaqoji təcrübə keçdikləri Mingəçəvir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyində şagirdlərlə birlikdə “Riyaziyyat gecəsi” keçiriblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirdə MDU-nun Riyaziyyat kafedrasının, liseyin müəllimləri, tələbə və şagirdlər iştirak ediblər.
Öncə, Ulu öndər Heydər Əliyevin və qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən MDU-nun Riyaziyyat kafedrasının dosenti Sahib Mustafayev riyaziyyat elminə artan marağın, pedaqoji təcrübənin tələbələrin bilik və bacarıqlarının artırılması baxımından vacibliyi barədə məlumat verərək tədbirin işinə uğurlar arzulayıb.
“Riyaziyyat gecəsi”nin bədii hissəsində tələbə və şagirdlərin ifasında riyaziyyat elminin önəmini əks etdirən müxtəlif səhnəciklər nümayiş etdirilib, musiqi və şeirlər səsləndirilib.
Sonra, şagirdlər arasında bilik yarışı keçirilib. Suallar əsasən dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu, riyaziyyat elmi və ümumi dünya görüşünə aid olub. I, II və III yerlərə çıxan komandalar və tədbirin ərsəyə gəlməsində fəallıq göstərən tələbələr təltif edilib.
Sonda çıxış edən liseyin direktoru Aidə İsmayılova və MDU-nun Riyaziyyat kafedrasının müəllimi, tələbələrin pedaqoji təcrübə rəhbəri Məhəmməd Məmmədov “Riyaziyyat gecəsi”nin keçirilməsini, tələbələrin təşkilati bacarıqlarını yüksək qiymətləndiriblər.