You are currently viewing “Yaşıl universitet”ə gedən yol COP29-dan başlayır

“Yaşıl universitet”ə gedən yol COP29-dan başlayır

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər – “ağıllı şəhər”, “ağıllı kənd”, alternativ enerji layihələri həyata keçirilir. Sözsüz, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir.

“Yaşıl dünya naminə həmrəylik ili” ali təhsil müəssisələri və onların müəllim-tələbə heyətinin üzvləri üçün də geniş fəaliyyətlərlə müşayiət oluna bilər. İlk növbədə, “Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində ekoloji sağlamlaşdırma, enerjidən məqsədyönlü istifadə, tullantıların minimuma endirilməsi və müntəzəm surətdə kampuslardan tam daşınması təmin edilməlidir.   Dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyası geniş yayılıb ki, bu da universitetdə ekoloji təcrübələrin tətbiqi, yaxşılaşdırılması, tələbə və işçilərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsini əhatə edir.

“Yaşıl universitet” ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyət göstərən bir universitetdir: karbon dioksid emissiyalarını azaldır, tullantıları ayrıca toplayır, su və elektrik enerjisinə qənaət edir və ekoloji infrastrukturu inkişaf etdirir. Bu məqsədlər üçün müsbət ekoaksiyalar və ekofestivallar aparılır, ayrı-ayrı zibil toplama sistemi təşkil edilir, enerji səmərəliliyi artırılır, ərazi abadlaşdırılır, maarifləndirmə işləri aparılır. Bu tədbirlər universitetin fəaliyyət sahəsində ekoloji prinsiplərin tətbiqinə; tələbələr və işçilər arasında ekoloji mədəniyyətin ümumi səviyyəsinin, məsuliyyət hissinin yüksəldilməsinə; ali məktəbin beynəlxalq ekoloji reytinqlərinə daxil edilməsinə, universitetin yeni “yaşıl” imicinin formalaşdırılmasına; ekoloji aksiyaların təşkili ilə ali təhsil müəssisəsinin beynəlxalq tanınmasına xidmət edir.

Bu baxımdan, “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində  tələbələrin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi, ekoloji mədəniyyətin yaxşılaşdırılması ilə yanaşı, bu sahələrdə elmi-tədqiqatların aparılmasını da təşviq etmək olar.

Bu tədbirlər eyni zamanda tələbələrin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii  sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilər.

Dünyanın aparıcı reytinq şirkətlərindən olan GreenMetric World University Ranking beynəlxalq reytinqi ali təhsl müəssisələrinin “yaşıl universitet” quruculuğu yönündə səylərini nəzərə alır.  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetlərimizdə “yaşıl universitet”  konsepsiyasının inkişaf etdirilməsi və onların uğurlu nəticələri ali təhsil müəssisələrimizin adıçəkilən reytinq mövqeyinə müsbət təsir edə bilər.

Qeyd edək ki, “GreenMetric”  reytinqinin məqsədi dünya üzrə ali təhsil müəssisələrində “yaşıl” texnologiyaların və ekoloji siyasətin cari tətbiqinin real mənzərəsini təqdim etməkdir. Müəlliflər hesab edirlər ki, bu reytinq ilə universitet rəhbərlərinin diqqətini cəlb etməklə bütün dünyada tələbələr tərəfindən ətraf təbiətə məsuliyyətli münasibəti artırmaq olar. Qlobal iqlim dəyişikliyi, enerji və su qənaəti, tullantıların təkrarlanması və yaşıl nəqliyyat məsələlərinə daha çox diqqət yetirilməsi reytinqin əsas hədəflərindəndir. Reytinqin təşkilatçıları bəzi ekoloji problemlərin həlli üçün ətraf mühitin davamlı inkişafı siyasətinin aparılması zərurətinə akademik ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar.  Reytinqdə mövqe nə qədər yüksəkdirsə, tələbələr, rəhbərlik, professorlar və müəllimlər planetin davamlı inkişafı və ekoloji vəziyyətindən bir qədər narahatdırlar. Bu o deməkdir ki, universitet ətraf mühitin qorunması üçün gələcək nəsil qarşısında məsuliyyəti bilir,  regionun və ölkənin davamlı inkişafını təkcə elmi tədqiqatlar və tələbə təşəbbüsləri ilə deyil, həm də şəxsi nümunə kimi dəstəkləməyə hazırdır.

Hədəf – ekoloji təhsilin yenilənməsi 

Dünyadakı müasir mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə antropogen təsirlərin artan miqyası bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllini qaçılmaz edib. Ekoloji böhran təkcə elmi və texnoloji tərəqqinin nailiyyətləri ilə deyil, həm də təbiətə münasibətdə bir sıra dəyərlərin itirilməsi ilə əlaqədardır. Bu baxımdan, təhsil sahəsi köklü dəyişikliklərə məruz qalır. Ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi bu gün təhsil sistemi qarşısında  ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşmasını ciddi bir vəzifə kimi qoyur.

Məlum olduğu kimi, cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29  keçiriləcək. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi qiymətləndirilir. Heç şübhəsiz, COP29-a  ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyinin öhdəsindən gəlmək üzrə qlobal səylərə töhfə vermək baxımından qətiyyətli mövqeyini nümayiş etdirir.

Bu baxımdan, ölkəmizin təhsil sahəsində də bir sıra ekoloji tədbirlərin təşkil olunması belə mötəbər tədbirin keçirildiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə əvəzsiz töhfə olardı.

Tahirova Aişə Fuad qızı

T23.1 qrup tələbəsi

Elmi rəhbəri Gülər Əjdərzadə