Görkəmli siyasi xadim, dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev milli müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti, çoxşaxəli titanik fəaliyyəti ilə qədirbilən xalqımızın yaddaşında və hər bir Azərbaycanlının qəlbində özünün əbədi heykəlini ucaldıb.Danılmaz həqiqət və hər kəsin qəbul etdiyi faktdır ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsi Heydər Əliyevin ən mühüm tarixi xidmətlərindən hesab edilir. Məhz dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti sayəsində məhv olmaq təhlükəsindən qurtulan ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub, tənəzzüldən tərəqqi yoluna qədəm qoyulub, zəngin ənənələrə və milli maraqlara söykənən müstəqil dövlətçiliyin təməlləri möhkəmləndirilib. Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.O bildirib ki, “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” deyən Ulu Öndərimiz Vətənə, xalqa və dövlətə sıx bağlılığını bir insan ömrünə sığmayan zəngin həyat və fəaliyyəti ilə təsdiq edib. Bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr edən Heydər Əliyev milli-mənəvi dəyərlər və milli maraqlardan formalaşdırdığı azərbaycançılıq məfkurəsinə xidmət edən titanik fəaliyyətləri ilə ümumxalq məhəbbəti qazanıb və Ümummilli Lider zirvəsinə yüksəlməyi bacarıb.“Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir” kimi dahiyanə fikirlərin müəllifi olan Ulu Öndərimiz hər zaman yüksək amallar uğrunda böyük fədakarlıq göstərib, qarşıya qoyulan hədəflərə doğru prinsipiallıqla irəliləyib, üzərinə götürdüyü tarixi və şərəfli missiyanın öhdəsindən məharətlə gəlib. Ən əsası isə uzaqgörən siyasətçi və qlobal miqyaslı liderlik keyfiyyətlərinə sahib olan Heydər Əliyev sözügedən missiyanın özündən sonra da uğurla davam etdirilməsi üçün zəngin dövlətçilik irsi miras qoyub və layiqli siyasi varis yetişdirib.“Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir” deyərək Ümummilli Liderimizin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Möhtərəm Prezidentimiz İlham Əliyev son 20 ildə nəhəng uğurlara və əzəmətli qələbələrə imza ataraq bu siyasi xəttin alternativsizliyini bir daha nümayiş etdirdi. Məhz bu müdrik yanaşmanın məntiqi nəticəsi olaraq, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və düşmənin tarixi torpaqlarımızdan qovulması ilə Ulu Öndərimizin ən böyük arzusu və vəsiyyəti reallaşdırılmış oldu.“Hazırda işğaldan azad edilmiş doğma torpaqlarımızda hərtərəfli quruculuq və sürətli abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutan Böyük Qayıdış proqramının uğurla icra olunması məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirilir. Bu təntənənin digər bariz nümunəsi Azərbaycanın bölgədə söz sahibi olan və geosiyasi reallıqlar yaradan qüdrətli dövlətə çevrilməsidir.Dahi şəxsiyyətin layiqli davamçısı olan möhtərəm Prezidentimizin liderliyi ilə ən yeni tariximizin şanlı səhifələrinin yazıldığı hazırki dövrdə hər birimiz sonsuz qürur hissləri keçiririk. Heydər Əliyevin xalqımızın mənəvi sərvətinə çevrilmiş əbədiyaşar ideyaları və zəngin irsi ölkəmizin firavan gələcəyinə işıqlı yol açır.Hər zaman olduğu kimi, anadan olmasının 100 illik yubileyini böyük fəxarətlə qeyd etdiyimiz 10 may tarixində Ümummilli Liderimizin əziz xatirəsini böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik”, – deyə rektor qeyd edib.