Trend İnformasiya Agentliyi, 29.10.2023
Bu gün Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün gerçək bir qardaşlıq ve dostluq örnəyidir
Mingəçevir Dövlət Universitetindən (MDU) Trend-ə verilən məlumata görə, bu barədə MDU-nin rektoru Şahin Bayramovun Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə açıqlama yazısında bildirilib.
“Bu gün Türk dünyası üçün ən əlamətdar tarixlərdən biridir. Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümüdür. Düz bir əsr bundan əvvəl, 1923-cü ilin oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının elan edilməsilə Türk dünyasının tarixində yeni səhifə açılmışdır.
Qürurverici haldır ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixin bütün çətin və ağır sınaqlarından hər zaman uğurla çıxmış və daha da güclənmişdir. Ortaq dil, din, etnik, mədəni ve tarixi köklərə sahib olan qardaş ölkələrimiz hər zaman bir-birinin yanında olmuş və hər sahədə bir-birilərinə böyük dəstək ve güvən göstərmişdir.
Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları Türkiyə – Azərbaycan birliyinin və qardaşlığının rəmzinə çevrilmişdir.
Hazırda qardaşlıq bağlarımızın, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət, tək yumruq” konsepti ilə daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlməsindən hər birimiz böyük qürur duyuruq. Bu gün Azərbaycan – Türkiyə münasibətləri bütün dünya ölkələri üçün gerçək bir qardaşlıq və dostluq örnəyidir.
Fərəhlənirik ki, uzun şərəfli tarixi yol keçərək ilk yüzilliyini möhtəşəm surətdə başa vuran Türkiyə Respublikası növbəti yüzilliyə böyük inamla və qətiyyətlə qədəm qoyur. Daha güclü, daha inkişaf etmiş Türkiyə naminə “Türkiyə Əsri” vizyonunun inşasına start verilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Əsri” həm də Türk dünyasının əsri olacaq” mesajı hər birimizi qürurlandırmışdır. Bu mesaj Türk Dünyasının birlik və bütövlüyünün bundan sonra da daha yüksək səviyyədə inkişaf edəcəyinə böyük əminlik yaratmışdır.
Təbiidir ki, müasir mərhələdə bu yeni strateji yanaşmalar ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində də əməkdaşlığa müsbət dinamika və əhəmiyyətli imkanlar qazandırır, universitetlərimizin hərəkətverici rolunu və məsuliyyətini daha da artırır, onların qarşısında yeni vəzifələr müəyyən edir.
Qardaş ölkənin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verən Mingəçevir Dövlət Universitetinin kollektivi adından Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü və 29 Oktyabr Türkiyənin Cümhuriyyət bayramı münasibətilə tərəfdaşlarımızı təbrik edir, daima sülh, əmin-amanlıq, rifah, birlik və bütövlük şəraitində yaşamalarını arzulayırıq”, – deyə qeyd olunub.