Mingəçevirdə Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin noyabrın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib.

Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan hər iki tədbirdə şəhid ailələri, müharibə veteranları, dövlət və özəl qurumların, təhsil müəssisələrinin nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları və qonaqlar əmək yarmarkasının açılışında iştirak edib, stendlərlə tanış olub, işəgötürənlərlə söhbət ediblər. Diqqətə çatdırılıb ki, əmək yarmarkasına 19 müəssisə tərəfindən 160 vakansiya çıxarılıb.

Sonra MDU Birinci Məzun Forumunun işinə start verilib. Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Forumun açılışında MDU-nun rektoru Şahin Bayramov, DMA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov,  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, MDU-nun Zəngilan və Füzulidə pedaqoji fəaliyyət göstərən məzunları və Türkiyədən olan qonaq professorları çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov əmək yarmarkası və məzun forumunun eyni zamanda təşkil edilməsinin önəmli bir yanaşma olduğuna diqqəti çəkərək hər iki tədbirin təşkilində əməyi və dəstəyi olanlara təşəkkürünü bildirib. Qeyd edib ki, MDU-nu müxtəlif zamanlarda bitirmiş 200-ə yaxın məzunun illər sonra forum çərçivəsində doğma universitetlərinə təşrif etməsi universitet tarixində əlamətdar hadisədir.

Ali təhsil müəssisəsinin əsas missiyasının yüksək keyfiyyətli mütəxəssis və layiqli vətəndaş hazırlamaqdan ibarət olduğunu vurğulayan rektor hazırda MDU məzunlarının ictimai həyatın bir çox sahələrində müxtəlif vəzifələrdə uğurla çalışaraq cəmiyyətə fayda verdiklərini vurğulayıb. MDU ailəsinin məzunları ilə hər zaman fəxr etdiyini və onlara böyük dəyər verdiyini bildirən Ş.Bayramov məzunların da təhsil aldıqları universitetə münasibətini yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının qarşılıqlı faydalılığından bəhs edib.

Əmək yarmarkası və məzun forumunun universitet-dövlət, universitet-sənaye və universitet-məzun kommunikasiyasının inkişafı, məzunlar və tələbələr arasında şəbəkələşmənin formalaşması üçün faydalı platforma olduğunu vurğulayan rektor qeyd edib ki, bu tipli tədbirlər həm də ali təhsil müəssisələri üçün fəaliyyət nəticələrini, o cümlədən məzunlarının performansını real dəyərləndirmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Ş.Bayramov MDU tarixində ilk dəfə keçirilən Məzun Forumunun gələcəkdə daha effektiv və təkmil formada davam edəcəyinə əminliyini ifadə edib.

DMA-nın İdarə Heyətinin sədri M.Abbasbəyli MDU-nun evsahibliyi ilə birgə təşkil olunan əmək yarmarkası və Forumda iştirak etməkdən məmnunluğunu ifadə edib və təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, ali təhsil sahəsində və əmək bazarında meydana çıxan yeni çağırışılara cavab olaraq MDU-da belə önəmli tədbirlərin keçirilməsi sevindirici haldır və bütün bunlar universitetin davamlı müasirləşmək iradəsindən xəbər verir. Əmək bazarının mövcud tələblərindən və çətinliklərindən, təhsilin həlledici rolundan danışan M.Abbasbəyli dayanıqlı məşğulluğun təmin edilməsində qlobal trendlərə diqqət yetirilməsinin və gələcəyin əmək bazarına hazırlığın vacibliyini qeyd edib. Bununla bağlı, panellərdə maraqlı müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən M.Abbasbəyli Forumun işinə uğurlar arzulayıb.

Mingəçevir ŞİH-in başçısı İ.İsmayılov tədbirin aktuallığına və önəminə diqqəti çəkərək bildirib ki, ölkə başçısının tapşırıqlarına əsasən işsizliyin aradan qaldırılması istiqamətində regionlarda mühüm işlər aparılır. DMA və MDU-nun birgə təşkilatçılığı ilə Mingəçevirdə əmək yarmarkası və Məzun Forumunun keçirilməsi bu istiqamətdə şəhərdə görülən işlərə əhəmiyyətli töhfədir. Bu baxımdan hər iki tədbirin ənənəvi olaraq davamlı təşkil edilməsinin zəruriliyini diqqətə çatdıran İ.İsmayılov bütün iştirakçılara və təşkilatçılara uğurlar arzulayıb.

Tədbirə onlayn formatda qoşulan MDU-nun məzunu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov universitetin kollektivini, tələbələri, məzunları və qonaqları salamlayıb, MDU-da universitet-məzun əlaqələrində yeni mərhələnin başlanmasından məmnunluğunu dilə gətirib. Məzun Forumunun əməkdaşlıq üçün əlverişli platformaya çevriləcəyinə və səmərəli nəticələr verəcəyinə inandığını söyləyən T.Məmmədov məzunlar və təhsilalanlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində və Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində çalışan 3 MDU məzunu  – Şəmsiyyə Şəmsəddinova, Zəhra İsayeva və İltimas Məmmədova müxtəlif illərin məzunlarını bir araya toplayan Birinci Məzun Forumunda iştirak etməkdən məmnunluqlarını ifadə ediblər. MDU rəhbərliyi və kollektivi tərəfindən hər zaman doğmalıq və diqqət gördüklərini söyləyərək, göstərilən etimadları doğruldacaqlarını və məzun olduqları universiteti qürurla və layiqincə təmsil edəcəklərini bildiriblər.

Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Güçer vurğulayıblar ki, əmək yarmarkası və Forum yeni başlanğıcların əsasını qoymaqla universitetin strateji hədəflərinə doğru daha dinamik inkişafı baxımından əhəmiyyətli ekosistem təmin edir. Məzunların nailiyyətlərini universitetin verdiyi təhsilin uğurları kimi dəyərləndirən qonaq professorlar əmək bazarında kifayət qədər yüksək mövqe tutmuş məzunların uğurlarının paylaşılması üçün yaradılan belə bir platformanın davamlı təşkilinin mühüm töhfələr verəcəyinə əminliklərini qeyd ediblər. 

Sonra Forum işini panel müzakirələri ilə davam etdirib.

Forumun “Məşğulluq və universitet məzunu: imkanlar və çağırışlar” mövzusunda  birinci panelində MDU-nun rektoru Şahin Bayramov və DMA İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək təhsil alanların əmək bazarına uyğunlaşdırılması, universitet-sənaye əməkdaşlığının effektivliyinin artırılması barədə fikirlərini bölüşüblər.  

MDU-nun Psixologiya və pedaqogika kafedrasının müdiri, professor Fərəh Cəlilin moderatorluğu ilə “İnsan kapitalı inkişafında yeni trendlər” mövzusunda keçirilən ikinci paneldə DMA-nın baş mütəxəssisi, 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev, MDU-nun məzunları – “Mutfakçı” şirkətinin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru İlkin Manafov və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü Samrin Xanlayev müzakirələr aparıblar.

MDU-nun İqtisadiyyat kafedrasının müdiri əvəzi Arif Tağıyev moderatorluğu ilə “Müasir əmək bazarının əsas xüsusiyyətləri” mövzusunda keçirilən üçüncü paneldə. DMA-nın baş mütəxəssisi Rövşən Camalov, MDU-nun məzunları – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Aran regional koordinatoru, mediator Ayaz Ədilov və Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Pərvanə Tahirova çıxış ediblər.

Panellər arasında qısa fasilələr zamanı MDU-nun istedadı tələbələrinin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.

Panel müzakirələrdən sonra Forumda MDU Məzunlar Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul edilib və 11 nəfər məzundan ibarət İdarə Heyətinin tərkibi formalaşdırılıb. Assosiasiyanın yaradılmasında məqsəd məzunlarla işin təşkili, universitet-məzun əlaqələrini gücləndirməkdir. Bununla yanaşı qərara alınıb ki, MDU Məzunlar Forumu iki ildə bir dəfə keçirilsin.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da kadr hazırlığının əmək bazarının müasir dövrün tələblərinə uyğunlaşdırılması, universitet-məzun əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq tədbirlərin təşkilinə xüsusi önəm verilir.