Mingəçevir Dövlət Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika modeli” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natavan Namazova 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının milli dövlətçilik tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk parlamentli respublika modeli kimi demokratik idarəçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib və müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını müəyyənləşdirib.
Çıxış zamanı qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik irsi bu gün də müstəqil Azərbaycanın inkişaf strategiyasında və milli ideologiyasında mühüm əhəmiyyət kəsb edir. Gənc nəslin milli dövlətçilik ənənələri ruhunda formalaşdırılması, tarixi irsin öyrənilməsi və vətənpərvərlik dəyərlərinin təbliği ali təhsil müəssisələrinin əsas prioritet istiqamətlərindən biridir.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından Leyla Babayeva “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin formalaşmasında rolu”, Mirzə Cavadov “28 May ənənələrinin müasir Azərbaycan dövlətçiliyində davamı”, Səma Süleymanova “İlham Əliyev dövründə dövlət müstəqilliyinin möhkəmləndirilməsi”, Ceyran Vəliyeva “Müstəqillik ideyasının Azərbaycan ədəbiyyatında təcəssümü”, Svetlana Balakişiyeva isə “AXC dövründə Azərbaycan dili və milli kimlik məsələləri” mövzularında çıxış ediblər.
Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki rolu, istiqlal ideyalarının inkişafı, ana dilinin qorunması, milli kimlik məsələləri və müstəqillik ənənələrinin müasir dövrdə yaşadılması geniş şəkildə təhlil olunub.
Konfrans bədii hissə ilə davam edib. Tədbirdə müstəqillik ruhunu, vətən sevgisini və milli-mənəvi dəyərləri əks etdirən bədii kompozisiyalar təqdim olunub.
Sonda belə tədbirlərin tələbə və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli dövlətçilik tarixinin daha dərindən öyrənilməsi və müstəqillik ideyalarının təbliği baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.