Mingəçevir Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

2026-cı ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetində “1918-ci il mart hadisələri: tarixi faktlar və reallıqlar” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin rektoru Anar Eminov, MDU-nun akademik və inzibati heyət üzvləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Anar Eminov 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixi əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciələrə hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm mərhələ olub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən ardıcıl siyasət nəticəsində tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və milli yaddaşın qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Rektor, həmçinin, gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsinin, onların tarixi yaddaşının möhkəmləndirilməsinin və vətənpərvərlik ruhunun gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, ali təhsil müəssisələrində həyata keçirilən maarifləndirici tədbirlər, elmi konfranslar və təbliğat xarakterli layihələr gənclərin bu istiqamətdə daha fəal və məlumatlı olmasına xidmət edir.

Daha sonra tədbir çərçivəsində mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfrans məruzələrlə davam edib. MDU-nun baş müəllimi İlham Məmmədov “Azərbaycanlıların soyqırımını doğuran tarixi şərait və səbəblər”, müəllim Xədicə Süleymanlı “31 Mart soyqırımı: milli yaddaşın formalaşmasında rolu”, müəllim Elman Vəliyev “Mart soyqırımına siyasi-hüquqi qiymətin verilməsi tarixi ədalətin bərpası kimi” və baş müəllim Ayna Babazadə “Azərbaycan ədəbiyyatında soyqırımı mövzusu”  adlı məruzələrlə çıxışlar ediblər.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanılıb, konfrans müzakirələrlə davam edib və məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində keçirilən bu kimi elmi tədbirlər milli tariximizin mühüm səhifələrinin öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.