2024-cü ilin martın 27-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırım” mövzusunda mühazirə keçirilib. Mühazirədə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Mühazirəni giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova 1918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən bəhs edib və bildirib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul edilir.
Mövzu ilə əlaqədar videoçarx nümayiş olunduqdan sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirovanın mühazirəsi dinlənilib. Mühazirəçi 1918-ci il 31 Mart Soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyib. O, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı Haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıb. A.Qədirova həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə xüsusi önəm verilir.