MDU-da Elm Günü ilə əlaqədar dəyirmi masa keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü ilin 27 martında Mingəçevir Dövlət Universitetində (MDU) Elm Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Görüşdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimlər iştirak edib.

Giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov bildirib ki, hər il mart ayının 27-i  bütövlükdə Azərbaycanda elm ictimaiyyətinin bayramı kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Elmə olan xüsusi diqqət eyni zamanda tələbə gənclərin təhsilinə, karyera inkişafına, elmi fəaliyyətinə də təsir göstərməkdədir.  V.Əyyubov son dövrlərdə gənclərin hərtərəfli inkişafı, eləcə də onların tədqiqat bacarıqlarının artırılması məqsədilə universitetdə yaradılan imkanlardan danışaraq,  müasirləşən MDU-da gənc müəllimlərin, tədqiqatçıların, tələbələrin elmi potensialının inkişafına hər cür şərait yaradıldığını vurğulayıb və bu istiqamətdə gənclərə dəstək göstərən MDU-nun akademik heyət üzvlərinə təşəkkürünü bildirib, hər kəsə uğurlar arzulayıb.

Sonra, Təhsil fakültəsinin dekanı Nizami Zeynalov öz çıxışında Elm Günü münasibətilə MDU-nun kollektivini təbrik edib, onların elmi fəaliyyətlərində bol nailiyyətlər arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixdəki Andiçmə mərasimində irəli sürdüyü çağırışlar MDU kollektivinin, alimlərimizin qarşısında daha mühüm vəzifələr qoyur. Ona görə də Azərbaycan alimləri müstəqil dövlətimizin inkişafına xidmət etməklə daha böyük elmi hədəflərə doğru inamla addımlamalıdır.

Çıxışının davamında Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirildiyini deyən N.Zeynalov MDU-nun Təhsil fakültəsinin 2023-cü ildəki elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. 

Daha sonra dəyirmi masa müzakirələrlə davam edib. MDU-da elmi potensialın inkişaf etdirilməsi istiqamətində müxtəlif təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb.