Turizm və Menecment Universitetində elmi-praktik konfrans

  • Post category:Xəbərlər (AZ)

Turizm və Menecment Universitetində elmi-praktik konfrans

Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılmasının perspektivləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransın işində respublikanın 20-dən artıq ali təhsil, elmi-tədqiqat institutları və müxtəlif strukturların nümayəndələri iştirak edib. Mingəçevir Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, “İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyev və “İqtisadiyyat” kafedrasının müəllimi Cəlil Bağırov təmsil ediblər.

Konfransı giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov açıb. Bildirib ki, bu gün Azərbaycanda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli, rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq, bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdəndir. Qeyd edib ki, Azərbaycan Respublikasında turizm sektorunun daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından daha səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması təmin edilməlidir.

Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin məsul nümayəndəsi Elvin Yusifli çıxış edib. Yeni yaradılan qurumun qarşısında duran vəzifələrdən və onun fəaliyyət istiqaməti barədə ətraflı məlumat verib. Agentlik elmi əsaslara söykənən turizmin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək istədiyini qeyd edib.

Plenar iclasda Gəncə Dövlət Universitetinin dosenti Arzu Həsənov “Gəncə-Qazax turizm regionunun yaradılması və inkişafının nəzəri-metedoloji əsaslandırılması: klaster siyasəti”, AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Zaur İmraninin “Şimal bölgəsinin turizm və rekreasiya ehtiyatlarının potensial imkanları və rayonlaşdırılması” mövzularında çıxış ediblər.

Plenar iclasdan sonra 3 panel bölmədə konfrans işini davam edib. “Turizmin dövlət tənzimi” bölməsinə 25, “Milli-mədəni irsin qorunması və təbliği” bölməsinə 15 və “Regional turizmin inkişafı” bölməsinə isə 24 tezis təqdim edilib.

“Regional turizmin inkişafı” bölməsində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, “İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyev “Aran iqtisadi rayonunda turizm sənayesinin inkişaf perspektivləri” mövzusu ilə çıxış edib.

 

{phocagallery view=category|categoryid=98|limitstart=0|limitcount=0}