Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib
2021-ci ilin 14 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan xalqının taleyini dəyişmiş xilaskarlıq tarixi – 15 iyun” mövzusunda elmi konfrans keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və məzunlarını təbrik edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığını qeyd edən rektor məhz ümummilli lider Heydər Əliyevin möhtəşəm xilaskarlıq missiyası sayəsində dövlət müstəqilliyimizin gücləndirilməsindən, siyasi, ictimai və sosial sabitliyin təmin olunmasından, milli iqtisadiyyatın formalaşdırılmasından bəhs edib.
Ulu Öndərin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hazırda yeni keyfiyyət mərhələsində davamlı və dinamik surətdə inkişaf etdiyini bildirən Ş.Bayramov hazırda uğurla reallaşdırılan dövlət siyasətinin istiqamətlərindən danışıb.
Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfərə gedən yolu Qurtuluş Günü ilə əlaqələndirən rektor əzəli torpaqlarımızın düşmən işğalından azad olunması ilə Ümummilli Liderimizin ən vacib vəsiyyətinin layiqli şəkildə yerinə yetirildiyini və dahi şəxsiyyətin ruhunun şad olduğunu deyib.
Milli Qurtuluş Gününə həsr olunmuş konfransda MDU kollektivi ilə görüşməkdən məmnun olduğunu vurğulayan Milli Məclisin deputatı Aydın Mirzəzadə son dövrdə universitetdə müntəzəm olaraq tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinin bu ali təhsil ocağında formalaşmış vətənə, dövlətə və xalqa bağlılıq atmosferindən irəli gəldiyini bildirib.
Dövlətçiliyimizin xilası baxımından 15 iyun tarixinin Azərbaycan xalqı üçün həyati əhəmiyyətli və əlamətdar bir gün olduğunu qeyd edən A.Mirzəzadə sovet dönəmində və müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin milli maraqlarımıza xidmət edən uzaqgörən və qətiyyətli siyasətindən, yüksək əzmkarlıq və fədakarlığından söhbət açıb.
Müstəqilliyin ilk illərində Azərbaycanda xaos, özbaşınalıq, qarşıdurmanın hökm sürdüyünü və ölkəmizin siyasi uçurumun kənarında olduğunu bildirən deputat xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin müstəqilliyimizi əbədi və dönməz edən xilaskarlıq missiyasından, dövlətçiliyin əsaslarını yaradan və möhkəmləndirən, ölkəmizi dünyaya tanıdan, milli birliyimizi təmin edən və gücləndirən titanik siyasi fəaliyyətindən bəhs edib.
Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini və onun parlaq siyasi kursunun layiqli şəkildə davam etdirildiyini qeyd edən A.Mirzəzadə hazırda ölkəmizin beynəlxalq arenada olan nüfuzunun əhəmiyyətli dərəcədə gücləndiyini bildirib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun əməkdaşlarından dosent Namaz Manafov “Qurtuluşun dilimizdə, nitqimizdə və milli dəyərlərimizdə səslənən əks-sədası”, müəllim Mirzə Cavadov “Heydər Əliyev və qurtuluş məqamına aparan şanlı yol” və müəllim Vüsalə Mövlayeva “Möhtəşəm qələbələrimiz Heydər Əliyev dühasının təntənəsidir” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, xalqımızın milli mənəvi dəyərləri və adət-ənənələrinin, ana dili və ədəbi irsinin qorunması sahəsində əbədiyaşar lider Heydər Əliyevin tarixi və misilsiz xidmətləri haqqında ətraflı məlumat verilib, müasir dövrdə Azərbaycan tarixinin möhtəşəm qələbələrlə dolu şanlı səhifələrinin yazılmasından bəhs edilib.
Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MDU-da Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında təbliğ olunması diqqət mərkəzində saxlanılır.
{phocagallery view=category|categoryid=631|limitstart=0|limitcount=0}