2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız Teknik Universitetinin (YTU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
Tədbirin açılışında AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Yıldız Teknik Universitetinin prorektoru Nur Bekiroğlu çıxış ediblər.
Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru V.Vəliyev Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımına həsr olunan ortaq anım proqramının əhəmiyyətindən danışıb.
Qardaş ölkələrin ali təhsil müəssisələrinin vahid platformadan çıxış etməsini müsbət dəyərləndirən V.Vəliyev Xocalı faciəsi, erməni vəhşiliyi və vandalizmi barədə həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasında universitetlər arasında belə formatda tərəfdaşlıqların önəmini diqqətə çatdırıb.
Faciənin səbəblərinin, baş verdiyi tarixi və ictimai-siyasi şəraitin tədqiq edilməsində, Xocalı həqiqətlərinin gənc nəsilə ötürülməsində və bu istiqamətdə müvafiq təbliğat işlərinin aparılmasında universitetlərin rolundan bəhs edən rektor ortaq tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Xocalı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla anıldığını qeyd edən V.Vəliyev bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Tədbirin açılışında çıxış edən MDU-nun rektoru Ş.Bayramov Xocalı Soyqırımının otuzuncu ildönümü münasibətilə üçtərəfli formatda təşkil edilən ortaq tədbirin təşkilində dəstəyi və əməyi olanlara, məruzəçilərə və iştirakçılara təşəkkürünü çatdırıb.
Nəinki Azərbaycan xalqına, eləcə də bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət hesab edilən Xocalı faciəsindən otuz il ötdüyünü qeyd edən Ş.Bayramov 1992-ci ilin fevral ayında soyuq qış gecəsində erməni cəlladlarının xüsusi amansızlıqla törətdikləri qətliamı dünya tarixində baş vermiş ən qəddar soyqırım hadisələrindən biri kimi dəyərləndirib.
Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan çoxlu sayda tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran rektor ali təhsil müəssisələrinin bu fəaliyyətlərdə verə biləcəyi töhfələrdən bəhs edib və tədbirin önəmini vurğulayıb.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində doğma Qarabağın işğaldan azad edildiyini qeyd edən Ş.Bayramov Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını, ruhlarının şad olduğunu söyləyib və onların əziz xatirələrinin daim böyük ehtiram və rəhmətlə yad ediləcəyini bildirib.
Tədbirin açılışında çıxış edən YTU-nun prorektoru Nur Bekiroğlu, ilk növbədə, təmsil etdiyi universitetin rektoru Tamer Yılmazın salamlarını çatdırıb və ortaq tədbirin keçirilməsinə dəstək göstərən hər üç universitetin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarını dilə gətirən N.Bekiroğlu bu fikirlərin Türkiyə – Azərbaycan birliyinin və qardaşlığının rəmzi olduğunu söyləyib.
Otuz il əvvəl qardaş azərbaycanlılara qarşı qəddarcasına törədilən Xocalı soyqırımının acısına daim şərik olduqlarını bildirən prorektor illər keçsə də bu dəhşətli faciənin heç zaman unudulmayacağını, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını və sonsuz ehtiramla yad ediləcəyini bildirib.
Universitetlər arasında işbirliyinin yalnız akademik müstəvidə deyil, üçtərəfli formatda keçirilən belə tədbirlərlə də inkişaf etdirilməsini yüksək qiymətləndirən N.Bekiroğlu əməkdaşlığa hər zaman açıq olduqlarını diqqətə çatdırıb.
Sonra, proqrama uyğun olaraq, MDU-nun rektorunun müşaviri Hamiz Mahmudovun moderatorluğu ilə çıxışlara başlanılıb.
YTU-nun dosenti Yasin Şehitoğlu “Xocalı soyqırımı bütün türk dünyası üçün nə ifadə edir?” mövzusunda, AzTU-nun professoru Şikar Qasımov “Xocalı soyqırımı: türk-müsəlman qətliamı” mövzusunda və MDU-nun dosenti Esmira Cəfərova “Xocalı qətliamı türk millətinin istiqlalına qarşı sui-qəsddir” mövzusunda çıxış ediblər.
Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər üç ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlılığını arzulayıblar.
Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.