Xocalı soyqırımı azərbaycanlılara qarşı çoxəsrlik etnik təmizləmə aktının davamı kimi

  • Post category:Xəbərlər (AZ)

Xocalı soyqırımı azərbaycanlılara qarşı çoxəsrlik

etnik təmizləmə aktının davamı kimi

 

           Azərbaycanın tarixi torpaqlarının hissə-hissə ondan qoparılıb alınması son 200 ildə mərhələlərlə baş vermişdir. Qədim Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin köçürülməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1903-1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovutmaq məqsədilə kütləvi qırğınlar törədilməsi məqsədyönlü şəkildə ermənilərin havadarları tərəfindən həyata keçirilirdi. Qondarma Dağlıq Qarabağ probleminin necə meydana gəldiyini bilmək üçün onun tarixi köklərinin hardan qaynaqlandığını, onu ortaya atmış erməni millətçiləri və onların havadarlarının niyyətlərinin ifşa edilməsi baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və ixtişaş tarixləri” əsərinin xüsusi əhəmiyyəti vardır. M.M.Nəvvab bu əsərində 1903-1904-ci illərdə Şuşada və Qarabağın başqa kəndlərində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında geniş məlumat verir. Müəllifin yazdıqlarından aydın olur ki, çarizmin bu iki çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. Bu da imkan verirdi ki, silahlı erməni dəstələri silahsız azərbaycanlıları asanlıqla ələ keçirib onları min cür işgəncələrlə öldürsünlər. Onlar fürsət düşən kimi istər azərbaycanlı, istərsə də Osmanlı türklərinə hər cür maddi, mənəvi və fiziki zərbələr endirirdilər. 1877-cil Rusiya –Türkiyə müharibəsi zamanı rus ordusunun tərkibində Qars şəhərinə daxil olan ermənilər orada əllərinə keçən əlyazma kitabları, Qurani Şərifi yandıraraq müsəlman türk dünyasına nə qədər kin və nifrət bəslədikləırini sübut etmişlər. M.M.Nəvvab yazır ki, erməni millətçiləri əvvəl Osmanlı dövlətində, sonra isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar yaradaraq (qımdatxana – müasir saqqallı erməni quldurlarının əcdadlarını türklərə qarşı təbliğatda, təxribatda, sui-qəsddə eləcə də silahlı toqquşmalarda istifadə emək üçün lazımi hərbi sursatın, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı ermənilərdən pul toplamaq qımdatların əsas vəzifəsi idi. İstər qımdatlar, istərsə də başqa erməni millətçi birliklərinə xeyir-dua verən, onların xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçıları yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olmuşlar ki, onlara da ümumi rəhbərliyi Eçmiədzin (Üç müəzzin) etmişdi. Bu erməni kilsəsi və onun başında dayananlar öz üzdəniraq missiyalarını bu gün də davam etdirirlər.

Kilsənin toxunulmaz Tanrı məbədi olduğunu nəzərə alan keşişlər onu 1905-1906-cı illərdə xalqımıza qarşı erməni quldur dəstələrinin hərbi sursat cəbhəxanasına çevirmişdilər.

     1906-cı ildə Şuşada ardı-arası kəsilməyən qırğınlardan cana doymuş bir neçə erməni Şuşa kilsələrinin yeraltı qatlarında məxfi hərbi sursat anbarlarının olması haqqında gizlicə şəhər üsul idarəsinin başçısı olan rus generalına xəbər verərək həmin anbarların ləğv edilməsini tələb edirlər. Yoxlanış zamanı iki kilsənin yeraltı qatından çoxlu miqdarda tüfəng, güllə, top, bomba, dinamit, evlərin yandırılması üçün müxtəlif maddələrlə doldurulmuş silah anbarları aşkar edilmişdi. Kilsənin əsas fəaliyyəti ilə daban-dabana zidd olan bu əməllərinə görə cəza almalı olan keşişlər sadəcə olaraq Şuşadan uzaqlaşdırılmışdılar. Tanrı məbədinə ölüm, qan qoxusu verən və kilsə qanunlarına daban-dabana zidd olan silahları toplamaq, saxlamaq və quldur dəstələrini silahlandırmaq başqa xalqa və onun torpağına qarşı təcavüzkar hərəkətlərə yönəltmək yalnız insanlığı ləkə olan erməni şovinistlərinin ağlına gələ bilərdi.

       XX yüzilliyin əvvəllərindən başlayaraq Xocalı faciəsinədək erməni millətçiləri tərəfindən xalqımıza törədilən aşkar və gizli qırğınlara, silahlı vuruşmalara dair Çar Rusiyası və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə yazılmış materialları izləmiş olsaq görərik ki, bu iki millət arasında ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafına toplanmış dırnaqarası erməni ziyalıları olmuşlar. Rus diplomatı, general Mayevski iki millət arasında davam edən qırğın və ixtişaşlar zamanı kilsənin fəaliyyətini dərindən izləyərək yazırdı:

-Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamı” çatdırmaqdan daha çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir. Erməni kilsəsinin belə qeyri-insani fəaliyyətini işıqlandıran məxəzlərdən aydın olur ki, son dövrlərdə istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı və onu maddi cəhətdən təmin edən kilsə olmuşdur.

       Məhz XX yüzilliyin sonlarında keçmiş Sovet imperiyasında yaranmış dərin siyasi böhrandan beyinləri “Böyük Ermənistan” xülyası ilə zəhərlənmiş erməni şovinistləri azərbaycan türklərinə qarşı terror kampaniyasına başladılar. Heç təsadüfi deyil ki, erməni diasporları kilsə ilə yanaşı Ermənistanda dövlət səviyyəsində də dəstəkləndi. Bu da onu sübut edir ki, Ermənistan terroru dəstəkləyən ölkədir. Dünyanın terrorla və terrorçu təşkilatlarla bağlı faktlara ikili münasibət bəsləməsi Ermənistanı terrorçu əməllərə daha da şirnikdirir. Bütün dünyada sayca ən çox terror təşkilatları ermənilərdə olmaqla, əsasən türk millətinə qarşı yönəldilmişdir. Onların adlarının tədqiqi göstərir ki, “Ermənistanı azad edən gizli ordu – ASASA “Haydad”, “ Erməni soyqırımı komandası” “Yeni erməni müqavimət qrupu”, “3 oktyabr erməni milli hərəkatı”, “6-cı erməni azadlıq ordusu” “Ümumi Qisasalma Təşkilatı” , “APA-terrorçu təşkilatı” və s. bu sayı davam etdirsək görərik ki, bu erməni terror təşkilatları insanlıqla bir araya sığmayan hansı çirkin əməlləri törətmişlər. Xocalı soyqıqırımı da bu terrorçu təşkilat və dəstələrin iştirakı ilə həyata keçirilmiş bəşəri cinayətlərdən biridir. Aparılan bir sıra tədqiqatlar nəticəsində görünür ki, Xocalı soyqırımında ASSA və Haydad təşkilatlarının birbaşa rolu olmuşdur. Özü də bu ağlasığmaz cinayət çox dəqiq, düşünülmüş plan əsasında yerinə yetirilmişdir.

         Xocalının hərbi məntəqə kimi əhəmiyyəti böyük idi. Qədim yaşayış məskəni və mədəniyyət ocağı olan Xocalıya işğalçıların basqınından əvvəl Qərbi Azərbaycandan ermənilərin didərgin saldıqları çoxlu sayda qaçqın pənah gətirmişdi. Nəticədə Xocalıda əhalinin sayı xeyli artmışdı. Bu da erməniləri çox narahat edirdi. Onlar Qarabağı azərbaycnlılardan təmizləmək istədikləri halda hər yerdən qaçqın düşən Xocalıda məskunlaşırdı.

         Xocalının Xankəndidən 12 km cənub-şərqdə, Qarabağ dağ silsiləsinin ətəyində, Ağdam-Şuşa, Əsgəran – Xankəndi yolunun üstündə Xocalının işğalı Qarabağın Ana Vətəndən tamamilə qoparılıb alınması demək idi. Buna görə də 1992-ci ilin yanvar-fevral aylarından ermənilər terrorçuluq fəaliyyətlərini sürətlə genişləndirirdilər. Qarabağdakı sonuncu Azərbaycan kəndləri Kəkicahan, Meşəli, Quşçular, Malıbəyli, Qaradağlı, Ağdaban kəndlərində törədilən qırğınlar Xocalı qətliamına gedən yolu getdikcə yaxınlaşdırırdı. Ermənilər mümkün qədər daha tez Xocalını ələ keçirməyə çalışırdılar. 1992-ci il fevralın 25-də saat 22-23 radələrində Ermənistandan Azərbaycan ərazisinə keçirilmiş silahlı qüvvələr, Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı dəstələr, keçmiş SSRİ-yə məxsus 366-cı alayın əsgər və zabitlərinin birgə iştirakı ilə əliyalın dinc əhali üzərinə hücum başladı. Hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, toplardan və digər silahlardan istifadə olunurdu. II istiqamətdə həyata keçirilən hücum səhər saat 7 00 – dək davam etdi. Şəhərdə axırıncı müqavimət nöqtəsinin susdurulmasında da 366-cı alayın texmikasından istifadə olundu. Şəhərin gülləbaran edilməsi nəticəsində 613 nəfər həlak oldu, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamailə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq 1 valideynini itirmişdir. 487 nəfər yaralanmışdır ki, onlardan da 76 nəfəri uşaqdır. 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin və girovdur. Bu günə qədər onlardan heç bir xəbər alınmamışdır.

       Xocalı soyqırımı bəşəriyyət tarixinə erməni faşizminin ən dəhşətli təzahürlərindən biri kimi daxil olmuşdur. Xocalı şəhərində törədilmiş dəhşətli cinayətlərin xüsusiyyətləri və miqyası bu soyqırım aktının BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiyasında təsbit olunmuş müddəalara tamailə uyğunluğunu sübut edir, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş terror siyasətinin təzahürü olan, kökündə yerli əhalinin milli və dini mənsubiyyət səbəbi duran bu kütləvi və amansız qətliam təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırım aktıdır.

 

Humanitar fənlər kafedrasının baş müəllimi

Tahirə Quliyeva