Mingəçevir Dövlət Universitetində Karyera və İnkişaf Mərkəzinin açılışı olub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Karyera və İnkişaf Mərkəzinin açılışı olub

 

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə və texniki dəstəyi ilə yaradılan Karyera və İnkişaf Mərkəzinin (KİM) açılışı olub.

Açılışda MDU-nun rektoru Şahin Bayramov, GIZ-in qrup rəhbəri Joerg Le Blanc və layihə mütəxəssisi Nicat Qarayev iştirak ediblər.

KİM-in yaradılmasına göstərdikləri dəstəyə görə GIZ rəhbərliyinə və layihə əməkdaşlarına təşəkkürünü bildirən rektor Ş.Bayramov qonaqları Mərkəzlə tanış edib. Mərkəzin fəaliyyətinə universitetin əməkdaşları ilə yanaşı, tələbə könüllülərin də cəlb edildiyini vurğulayan rektor KİM-in strukturu, təqdim etdiyi imkanlar və göstərdiyi xidmətlər barədə məlumat verib. Bildirilib ki, müvafiq dövlət qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, yerli və xarici universitetlərin müvafiq təcrübəsindən faydalanmaqla tələbə, məzun və gənc əməkdaşların karyera inkişafına töhfə verməyi hədəfləyən Mərkəz öz fəaliyyətini əmək bazarı iştirakçıları ilə işbirliyinin yaradılması, müvafiq qrant layihələrində iştirak, müxtəlif mövzularda təlimlər və seminarların təşkil edilməsi, məzunların işlə təminatı, təhsilalanların təcrübə imkanlarının artırılması və digər istiqamətlərdə qurub.

Sonra Mərkəzdə çalışan heyət üzvləri ilə real iş şəraitində söhbət aparılıb.

Daha sonra rektor qonaqlarla görüş keçirib.

Görüşdə layihənin nəticələri, növbəti mərhələlərdə görüləcək işlər və MDU-nun strateji hədəflərinə uyğun olaraq GIZ ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da “Karyera və İnkişaf Mərkəzinin yaradılması” layihəsinin icrasına 2020-ci ilin dekabrında start verilib. Layihə GIZ tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi, sosial inkişafı” (EPIC) proqramı çərçivəsində dəstəklənib. Mərkəzin yaradılmasında əsas məqsəd əmək bazarında rəqabət qabiliyyətliliyin yüksəldilməsi, karyera seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində təhsilin davam etdirilməsi və karyera inkişafında digər vacib məsələlərdə təhsilalanlara və məzunlara köməklik göstərməkdir.

{phocagallery view=category|categoryid=880|limitstart=0|limitcount=0}