Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. Ümummilli lider Heydər Əliyevin şah əsərlərindən biri olan bu müqavilə ilə müstəqil Azərbaycanın milli neft strategiyasının əsası qoyulub. Faktiki olaraq, bu müqavilə bir tərəfdən Azərbaycanın dünya birliyinin müstəqil tərkib hissəsi olmasını təsbit etmişdir. Digər tərəfdən isə, Azərbaycanın milli maraqlarına xidmət edən hərtərəfli iqtisadi inkişaf strategiyasının uğurla icra olunması üçün ciddi əsaslar yaratmışdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O qeyd edib ki, dörd dildə tərtib edilən və təxminən 400 səhifə həcmində olan fundamental sənəd unikal beynəlxalq müqavilə hesab olunur. Xüsusi vurğulamaq lazımdır ki, müqavilənin hazırlanmasında və uğurla icra edilməsində Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətləri olub: “Əminliklə söyləmək olar ki, “Əsrin müqaviləsi” ölkəmizin dünya enerji bazarındakı mövqeyinin güclənməsinə, respublikamızda hidroenerji ehtiyatları hasilatının genişlənməsinə və milli neft sənayesi infrastrukturunun modernləşdirilməsinə mühüm töhfələr verib. Ən əsası isə bu müqavilə çərçivəsində həyata keçirilən kompleks tədbirlər neft resurslarından səmərəli istifadə olunmasına, ölkəmizin valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına, dayanıqlı milli iqtisadi inkişafın təmin edilməsinə və Azərbaycan vətəndaşının sosial rifahının davamlı surətdə yaxşılaşdırılmasına gətirib çıxarıb. Məhz bu müqavilə sonrakı mərhələdə digər neft sazişlərinin imzalanması üçün zəmin yaradıb. Təbii ki, 2017-ci ildə “Əsrin müqaviləsi”nə müvafiq düzəlişlərin edilməsi ilə yenidən tərtib olunmuş Sazişin imzalanması yeni dövrün neft strategiyasının icrasına start vermiş oldu”.
Şahin Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev ideyalarına əsaslanan, milli maraqların təmin olunması prinsipi üzərində qurulan, yeni geo-iqtisadi reallıqlar nəzərə alınmaqla formalaşdırılan və uğurla reallaşdırılan iqtisadi inkişaf konsepsiyası neft-qaz sənayesinin potensialının qeyri-enerji sektorunun davamlı inkişafını əsas prioritet kimi nəzərdə tutur. “Sevindirici haldır ki, neftçilərin əməyinə daim yüksək qiymət verən ümummilli lider Heydər Əliyev 2001-ci ildə məhz “Əsrin müqaviləsi”nin imzalandığı tarixin – 20 sentyabrın Azərbaycanda Neftçilər Günü kimi qeyd olunmasına dair müvafiq sərəncam imzalamışdır. Fürsətdən istifadə edərək, peşə bayramları münasibətilə bütün fədakar neftçilərimizi Mingəçevir Dövlət Universiteti kollektivi adından təbrik edir, onlara məsuliyyətli və şərəfli peşələrində yeni-yeni uğurlar arzulayırıq”, – deyə o əlavə edib.