“Dayanıqlı İnkişaf” elmi jurnalının növbəti nömrəsi nəşr olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının növbəti buraxılışı – ikinci cildinin birinci nömrəsi işıq üzü görüb.

MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Çin, Qırğız Respublikası və Litvanın tanınmış alimləri təmsil olunurlar.

Jurnalın yeni buraxılışında “İctimai elmlər” bölməsində 11, “Təbiət və texnika elmləri” bölməsində 8, “Humanitar elmlər” bölməsində 6 olmaqla, ümumilikdə 25 məqalə yer alıb.

MDU ilə yanaşı ölkənin bir sıra elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən alim və gənc tədqiqatçılardan təqdim edilmiş məqalələr əsasən qloballaşma, iqtisadi artım, xarici ticarət, əmək bazarı, idarəetmə, təhsil, enerji, mühəndislik və digər mövzulara həsr olunmaqla dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edib.

Jurnal elektron variantda MDU-nun rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, MDU tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalı 2020-ci ilin dekabr ayında universitetin Elmi Şurasının müvafiq qərarı ilə təsis olunub. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu alıb, “Academic Resource Index ResearchBib” beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına, eləcə də Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Hər təqvim ilində dörd dəfə nəşr edilməsi nəzərdə tutulan jurnalın başlıca missiyası dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edən elmi-nəzəri və tətbiqi tədqiqatların səmərəli nəticələrini dərc etmək, müasir nəzəri yanaşmaları, yenilikləri və müsbət təcrübələri yaymaq, yerli və xarici ölkələrin tədqiqatçıları arasında elmi kommunikasiyanı inkişaf etdirməkdir.