Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramovun həmmüəlliflərlə birgə yazdığı məqalə məşhur Springer nəşriyyatının “Public Organization Review” qlobal elmi jurnalının 2022-ci il, noyabr nömrəsində dərc edilib.
“COVID-19 pandemiyasında təşkilat mədəniyyətinin transformasiyası kontekstində innovativ biznes modelləri” (Innovative Business Models in the Context of Organizational Culture Transformation in the COVID-19 Pandemic) adlı məqalənin yeraldığı sözügedən elmi jurnal nüfuzlu Scopus elmimetrik bazasında ən yüksək kvartil üzrə (Q1) indeksləndirilir.
Məqalədə COVID-19 pandemiyası dövründə təşkilat mədəniyyətinin transformasiyası, milli və innovativ biznes modellərinin formalaşması arasında qarşılıqlı əlaqə və təsirlər tədqiq olunub. Tədqiqatın məqsədinə nail olmaq üçün aparılmış ekspert sorğuları nəticəsində əldə edilmiş məlumatlar əsasında müvafiq metodoloji yanaşma hazırlanıb. İrəli sürülən metodologiya Çinin və Rusiyanın kiçik və orta müəssisələrinin timsalında sınaqdan keçirilib. Nəticədə, kiçik və orta sahibkarlıqda innovativ biznes modellərinin tətbiqi zamanı qarşıya çıxan əsas maneələr müəyyən edilib. Metodoloji yanaşma həssas zamanlarda iqtisadiyyatın real sektorunda kiçik və orta sahibkarlığa yardım mexanizmlərinin hazırlanmasında istifadə oluna bilər.
Bu, Ş.Bayramovun Scopus elmimetrik bazasında indeksləndirilən nəşrlərdə dərc edilən sayca üçüncü, MDU əməkdaşlarının isə ümumilikdə on üçüncü məqaləsidir.
Qeyd edək ki, son dövrlərdə MDU-da elmi fəaliyyətin stimullaşdırılması və akademik heyət üzvlərinin nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrinin sayının artırılması diqqət mərkəzində saxlanılır.