Daha iki əməkdaşımız fəlsəfə doktoru diplomunu alıb

  • Post category:MDU xəbərləri

2022-ci ilin 29 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru diplomları almış universitetin iki əməkdaşı – Üzeyir Zeynalov və Rövşən Babayev ilə görüşüb.

Cari ilin dekabr ayında müvafiq olaraq fəlsəfə və riyaziyyat elm sahələri üzrə universitetin iki əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Son illərdə MDU-da elmi dərəcəsi və elmi adı olan əməkdaşların sayının artmasından məmnunluğunu bildirən rektor bu müsbət tendensiyanın universitetin elmi potensialının güclənməsi baxımından önəmindən bəhs edib. Müvafiq diplomları təqdim edən rektor riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Rövşən Babayevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olmasını ayrıca vurğulayıb.

Hər iki əməkdaşın universitetin gələcək inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirən Ş.Bayramov onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Gənc əməkdaşların hərtərəfli inkişafına və elmi karyera yüksəlişinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən gənc alimlər MDU-nun modernləşməsi istiqamətində üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərini bildiriblər.

Qeyd edək ki, hazırda MDU-da əməkdaşların elmi dərəcə və elmi adlar almaları üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.