You are currently viewing Xocalı dünən və bu gün: Xocalı faciəsi milli şüurun tarixi yaddaşın obyekti

Xocalı dünən və bu gün: Xocalı faciəsi milli şüurun tarixi yaddaşın obyekti

  • Post category:MDU xəbərləri

Möhtəşəm tarixi keçmişə malik Azərbaycan zaman-zaman üzləşdiyi ən ağır sınaqlardan daima şərəflə və üzüağ çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını möhkəmləndirmiş,  illər keçdikcə geridə hər zaman zəngin bir keçmiş qoymuşdur. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə fəxr edir. Lakin keçmişimizin güzgüsü olan tariximiz heç də həmişə ağ vərəqlərə həkk olunmamışdır. Bəzən qanla yazılan tariximiz xalqımızın böyük faciələrlə üzləşdiyini, dəhşətlər yaşadığını bizə çatdırmışdır.

 Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 31 il ayırır. Xocalı dedikdə, bizim yadımıza birinci, 1992-ci ildə törədilmiş soyqırım düşür. Ancaq qədim tarixə malik bu ata-baba torpağımız ondan əvvəl də çox zülmlərə, təzyiqlərə daima məruz qalmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində çar Rusiyasının Qarabağda apardığı erməniləşmə siyasəti bu yerdə də düşünülmüş şəkildə həyata keçirilib. Xocalının bölgərinin birində – Qala Dərəsi kəndində İrandan köçürülmüş ermənilər yerləşdirilmişdir. 1918-ci il Mart soyqırımından sonra “Qaçqınlar” adlanan ərazidə Dərələyəz mahalından didərgin salınmış həmyerlilərimiz məskunlaşdırılmışdır. Azərbaycanın qədim insan məskəni olan Xocalı XX əsrdə ermənilər tərəfindən üç dəfə soyqırıma məruz qalıb. Birinci dəfə 1905-1907-ci, ikinci-1918-1920-ci, üçüncü ən dəhşətlisi 1992-ci illərdə olmuşdur.

Ermənilər əslində Xocalının üçüncü soyqırımını 1964-1967-ci illər arasında həyata keçirmək istəyirdilər. 1964-cü ildə onları bu soyqırıma səsləyən erməni şair Silva Kapitukyanın “Karvan hələ yoldadır” əsəri, 1967-ci il iyulun 7-8-də isə günahsız azərbaycanlılardan olan Ərşad adlı müəllimin və Şuşa həbsxanasının iki işçisinin Xankəndidə min bir vəhşiliklə diri-diri yandırılmaları oldu.

Həmin dövrdə Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyirdi və o, həmin qanlı hadisəni törədənləri qanuni yolla həbs etdirmiş və əsl həqiqətləri üzə çıxarmışdır.

1969-cu il iyulun 14-də erməniləri lərzəyə salan dahi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra düşmənlərimiz uzun illər Qarabağın qondarma Ermənistan Respublikasına birləşdirilməsi haqqındakı “Miatsum” şüarını səsləndirə bilməmişdilər. Yalnız 1987-ci ilin payızında ulu öndər Heydər Əliyev Mixail Qorbaçov tərəfindən tutduğu yüksək dövlət vəzifəsindən kənarlaşdırıldıqdan dərhal sonra ermənilər fəallaşmağa başladı və 1988-ci il fevralın 12-dən “Miatsum”(erməni dilində birləşmə deməkdir) mitinqlərinə başladılar. Bundan dörd il sonra tariximizin ən qaranlıq səhifələrindən biri olan- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tarixdə üçüncü dəfə Xocalı faciəsini xocalılara yaşatdılar.

Sağ qalan xocalıların dediyinə görə, düşmən hücumundan sonra Xocalı bir anın içində qana boyandı. Heç kəsə yaşından, cinsindən hətta yaralılara belə aman verilmirdi. Ermənilər xüsusi vəhşiliklə qadınlara, körpələrə və qocalara ağır zülm verərək öldürürdülər. Ölümdən xilas olmaq üçün meşələrə, dağlara, dərələrə qaçmaq istəyən günahsız xocalıları güllələyirdilər. Köməksiz və silahsız  adamların harayı ərşə qalxırdı. Düşmən olduqca amansız və zalım  idi. Heç kim xocalıların harayına çatmadı. Xocalım yanıb külə döndü, xocalılarım isə ömür boyu unudulmayacaq dəhşəti, soyqırımı yaşadılar. Fevralın ayının 27-də Xocalıdan təxminən 250-300 nəfər Ağdama qaça bilmişdilər. Dəhşətli xəbərləri onlardan eşitmək çox ağır və dözülməz idi.  Bu vəhşilikləri gözlərilə görən xocalılar deyirdilər ki, Yarov kəndində, Ağbulaqda, Əsgəranda, Naxçivannikdə çoxlu sayda həmyerlilərimiz əsir  düşmüş və meşələr qadın və uşaq meyitləriylə doludur. Bəli Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədə çox şəhidlər və qurbanlar vermiş ancaq Xocalı faciəsi isə qan yaddaşımıza xüsusi olaraq yazılmışdı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Çingiz Mustafayev böyük hünər göstərərək fevralın 28-də vertolyotla faciə törədilmiş ərazilərdə olmuş, erməni vandallarının törətdiyi vəhşilikləri kamera ilə lentə almış və tarixin yaddaşına yazmışdır.

Hər ilin fevral ayında ölkəmizdə çox böyük dərin hüznlə qeyd edilən Xocalı soyqırımı tədbirlərinin məzmunu nə qədər ağır, ürəkağrıdıcı olsa da, bunun mahiyyətində bir o qədər böyük vətənpərvərlik motivləri də var. Ölümün gözünə dik baxa bilməyin özü inanılmaz fədakarlıq və cəsarət istəyir. Erməni vandalizminin qurbanı olan xocalılar bu cəsarəti bacardılar. Min bir əziyyətlə öləndə də düşmənin qarşısında  əyilmədilər və əqidələrindən dönmədilər. Xocalılar diri-diri yandırılanda, dəmir kəlbətini ilə dırnaqları, dişləri çıxarılanda erməni vandallarının tələb etdiyi “Qarabağ erməninindir!” – ifadəsini dillərinə  qətiyyən gətirmədilər, “Qarabağ Azərbaycanındır!” – deyərək qışqırdılar və erməni faşistlərini bu güclü və əyilməz əqidələrinin qarşısında vahiməyə saldılar. Hətta adını həkim qoyub, acizliyini, gücsüzlüyünü 8-9 yaşlı uşaqlara göstərən, onların dərisini soyub ölümlərinin vaxtını ölçən Zori Balayan kimi vəhşiyə də körpələr “Qarabağ bizimdir!” – dedilər. Özlərinin mənəvi cəhətdən ölməzlikləri ilə erməniyə qalib gəldilər, düşməni sarsıtdılar, dünyanın gözü qarşısında ona faşist, qaniçən və vəhşi damğası vurdular. Ermənilər nə qədər öz havadarlarına bel bağlasalar da, onların müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirdikləri soyqırıma görə bu damğa onların alnından heç vaxt silinməyəcək.

44 günlük Vətən savaşında qəhrəman Azərbaycan oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da xocalıların, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.  Ancaq Bizlər bununla kifayətlənməməliyik! Bu gün hər bir azərbaycanlının qarşısında ən mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə erməni vandallarının Qarabağda etdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmalıyıq. Bəli bu bizim  Xocalı şəhidlərinin ruhu qarşısında həm vətəndaşlıq həm də insanlıq borcumuzdur.

Aygün QƏDIROVA

Mingəçevir Dövlət Universitetinin

Humanitar fənlər kafedrasının müəllimi