Bu gün Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini anadan olmasının 100 illiyində dərin ehtiramla anır, zəngin və şərəfli ömür yolu keçmiş, çoxşaxəli elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətləri ilə böyük uğurlara imza atmış dəyərli ziyalıya və qayğıkeş həkimə sonsuz minnətdarlıq hisslərimizi ifadə edirik. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva zəngin elmi-pedaqoji fəaliyyəti və peşəkar yaradıcılığı ilə Azərbaycanın tibb elmində parlaq səhifələr açmışdır. Oftalmologiya sahəsində Azərbaycan elmi məhz onun misilsiz xidmətləri sayəsində tanınmağa başlamış və dövrünün nüfuzlu məktəbləri səviyyəsinə yüksəlmişdir.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, yüksək intellekt və mədəniyyətə sahib, nəcib və insanpərvər Azərbaycan qadını olan Zərifə xanım Əliyeva Vətənimizin zəriflik və xeyirxahlıq rəmzinə çevrilib: “Ulu Öndərimiz Heydər Əliyevlə bərabər addımlayan, vəfalı və qayğıkeş ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva respublikamızın ictimai-siyasi həyatına mühüm töhfələr vermişdir. Fikrimizcə, Ulu Öndərimizin aşağıdakı dahiyanə fikirləri Zərifə xanım Əliyeva şəxsiyyətini aydın şəkildə ifadə edir: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam…O, çox istedadlı, çox xeyirxah, çox sadə bir insan idi”.
Müasir Azərbaycanın qüdrətli lideri, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, 30 illik işğala son qoyan qalib sərkərdə, Prezidentimiz İlham Əliyevi yetişdirən, cəfakeş və qəhrəman ana olan Zərifə xanım Əliyeva qədirbilən xalqımızın yaddaşında əbədi izlər qoymuşdur. Prezidentimiz İlham Əliyevin Zərifə xanım Əliyeva haqqında dediyi aşağıdakı fikirlər dərin məzmun kəsb edir: “Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi…Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir”.
“Əminik ki, bu gün həm Zərifə xanımın, həm də Ulu Öndərimizin ruhları şaddır. Məhz onların ailəsində böyüyən Prezidentimiz hazırda doğma Azərbaycanımızın müasir tarixinin ən şanlı səhifələrini yazmaqda davam edir. Daim yüksək amallar və mənəvi dəyərlər uğrunda çalışan Zərifə Əliyeva özünün şəxsiyyəti, yüksək vətəndaşlıq ruhu və xalqımıza başucalığı gətirən əməlləri ilə milyonlarla insan üçün misilsiz örnəyə çevrilmişdir. Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə Ş.Bayramov vurğulayıb.