2023-cü il iyunun 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzusunda mühazirə keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən mühazirədə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.
Mühazirədə giriş sözü ilə çıxış edən Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb. 15 iyunun xalqımız üçün əsl qurtuluş tarixi olduğunu deyən E.Cəfərova bu əlamətdar tarixin məhz böyük xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə yüksələn ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, xalqımızın qəlbində əbədi heykəlini ucaltmış əbədiyaşar lider Heydər Əliyevin əziz xatirəsi daim böyük ehtiramla yad ediləcəkdir. Dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən danışan kafedra müdiri bu məqsədlə “Heydər Əliyev İli” çərçivəsində universitetdə təşkil olunan çoxsaylı tədbirlərin əhəmiyyətini vurğulayıb.
Ümummilli Liderə həsr olunan videoçarxın nümayişindən sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov məruzə ilə çıxış edib.
Məruzədə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin azərbaycançılıq ideologiyasından, zəngin liderlik və idarəçilik təcrübəsindən, böyük qurtuluş missiyasından və ölkəmizin hərtərəfli inkişafı naminə həyata keçirdiyi titanik fəaliyyətlərindən bəhs edilib.
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, ˝Heydər Əliyev İli˝ çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.