2024-cü il yanvarın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtsadiyyat və İdarəetmə fakültəsində bir qrup valideynin cari tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidəsi təmin edilib.
Öncə valideynlərlə görüşən MDU-nun rəhbər heyəti imtahanların keçrilmə qaydaları, qiymətləndirilmənin şəffaflığının təmin olunması, imtahan sessiyası ilə bağlı daxil olmuş müraciətlərə çevik baxılması üsulları və indiyədək keçirilən imtahanların statistikası barədə məlumat verib.
Sonra, valideynlər auditoriyalarda olub, imtahan prosesinin gedişatını yaxından izləyərək tələbələrə uğurlar arzulayıblar. İmtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnun qalan valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da 2023-cü ilin dekabrın 30-dan başlanan payız semestrinin imtahan sessiyası cari ilin 1 fevralınadək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin olunur və rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.