18.05.2024, “RESPUBLİKA” qəzeti
Qəzetin PDF versiyası
Müasir, müstəqil Azərbaycan dövlətini quraraq hər bir azərbaycanlının taleyində müstəsna rol oynayan ümummilli lider Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə anılır.
İllər ötdükcə Heydər Əliyev dühasının əzəmətini daha dərindən dərk edir, onun zəngin dövlətçilik ideyalarının və irsinin öyrənilməsinə böyük ehtiyac duyuruq. “Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq” kəlamının aforizmə çevrilməsi məhz ümummilli liderə olan sonsuz sevgi və dahi şəxsiyyətin misilsiz irsinə olan tükənməz ehtiyacdan qaynaqlanır.
Uzaqgörən və qətiyyətli siyasəti, çoxşaxəli və titanik fəaliyyəti ilə bütün ömrünü doğma Vətəninin qurtuluşuna, firavanlığına və hərtərəfli tərəqqisinə həsr etmiş ulu öndərin misilsiz xidmətləri müstəqil ölkəmizin inkişafının bünövrəsini təşkil edir. Əbədiyaşar liderin zəngin ideyaları və dövlətçilik irsi etibarlı gələcəyimizin təminatçısıdır.
Qürurvericidir ki, uğrunda həyatını dəfələrlə təhlükəyə atdığı və canından çox sevdiyi Vətəninin müstəqilliyini xilas edən, onun çiçəklənməsi yolunda yüksək fədakarlıq göstərən xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəri və ən dəyərli mirası olan müasir və güclü Azərbaycan hazırda layiqli və etibarlı şəkildə qorunur və inkişaf edir. Hakimiyyətə gəldiyi ilk gündən etibarən “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”, – fikrini ifadə edən möhtərəm Prezident İlham Əliyevin ümummilli liderin ideyalarına və siyasi kursuna sadiqliyi onun möhtəşəm uğur və tarixi qələbələrlə zəngin əməli fəaliyyətində və unikal rəhbərliyində əksini tapmışdır.
Danılmaz həqiqətdir ki, Heydər Əliyev irsinə bağlılıq və layiqli varislik hazırda Azərbaycanın müstəqillik tarixinin ən qüdrətli dövrünə qədəm qoymasını şərtləndirmişdir. Ulu öndərin və xalqımızın ən böyük arzuları artıq həyata keçmişdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq siyasi arenada nüfuzu daha da yüksəlmiş və regionda söz sahibinə çevrilmişdir.
Eyni zamanda milli maraqların üstünlüyünü, milli-mənəvi dəyərlərə, dini, mədəni və etnik müxtəlifliklərə hörmətlə yanaşmanı, milli birliyi və vətəndaş həmrəyliyini özündə ehtiva edən azərbaycançılıq məfkurəsinə əsaslanmaqla ulu öndərin yaratdığı zəngin dövlətçilik ənənələri hazırda dünyanın nümunəvi tolerantlıq məkanı kimi Azərbaycanın cəlbediciliyini artırmış və ictimai-siyasi sabitliyin davamlılığını zəmanət altına almışdır.
Bununla yanaşı, Heydər Əliyev ideyalarına sədaqət nəinki ölkə və regional miqyasda, eləcə də dünyada sülhə, qarşılıqlı faydalı əməkdaşlığa və təhlükəsizliyə xidmət edən bir çox qlobal fəaliyyətdə və nəhəng transmilli layihələrdə Azərbaycanın fəal mövqeyində və təşəbbüskarlığında da özünü göstərir. Bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, bir çox sahələrdə örnək idarəetmə modellərini dünyaya ötürməklə, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda yüksək etibar qazanmaqla, eləcə də beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıqda mühüm və rol oynamaqla qlobal siyasətə davamlı töhfə verən nüfuzlu ölkələrdən hesab olunur.
Təsadüfi deyildir ki, cari ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimad göstərildiyini ifadə etməklə yanaşı, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verməsinin təsdiqidir və həm də daim gələcək nəsillərin taleyini düşünən, ətraf mühit, iqtisadi və sosial problemlərin kompleks və balanslı şəkildə həllini diqqətdə saxlayan Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf konsepsiyasının növbəti uğurlarından hesab edilir. “Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir” kimi dahiyanə fikirlərin müəllifi olan ulu öndərimiz üzərinə götürdüyü tarixi və şərəfli missiyanın öhdəsindən məharətlə gəldi. Məhz Heydər Əliyev siyasəti sayəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan öz təbii sərvətləri və resurslarına sahib çıxdı, onlardan yalnız xalqımızın firavan gələcəyi və ölkəmizin dayanıqlı inkişafı naminə istifadə edildi. Bu baxımdan, “Heydər Əliyev İli”ndən sonra 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi olduqca əlamətdar hadisədir.
Azərbaycanın quruculuq salnaməsində şərəfli, mütərəqqi və silinməz izlər qoyan ulu öndərimizin zəngin irsi xalqımızın milli sərvəti hesab edilir. İctimai həyatın istisnasız olaraq bütün sahələrini əhatə edən bu çoxşaxəli və misilsiz dövlətçilik irsi məhz əbədiyaşar liderimizin güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı, fədakarlığının və bir insan ömrünə sığmayan zəngin idarəçilik təcrübəsinin bəhrəsidir.
Bu baxımdan, ümummilli liderin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəsillərə ötürmək və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin əsas və şərəfli vəzifələrindəndir. Ulu öndərimizin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ali təhsil müəssisələrinin, o cümlədən Mingəçevir Dövlət Universitetinin (MDU) bu istiqamətdə fəaliyyətini genişləndirməsi üçün geniş imkanlar yaratmışdır. Eyni zamanda bir daha təsdiqini tapmışdır ki, ulu öndərin zəngin ideyalarının təbliği Vətənə, dövlətə və xalqa bağlı yüksəkixtisaslı mütəxəssis hazırlamaq missiyasının uğurla reallaşdırılmasında əvəzsiz rol oynayır və gənclər tərəfindən böyük maraqla qarşılanan bu prosesin davamlılığının təmin edilməsi olduqca zəruridir. Bu nöqteyi-nəzərdən, MDU-da ötən illərdə olduğu kimi, cari ildə də Heydər Əliyev irsinin öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılır. Bu məqsədlə təşkil olunan müxtəlif formatlı tədbirlərə nəinki universitetdə təhsil alan tələbə və müəllim heyəti, eləcə də region gəncləri və ictimaiyyət nümayəndələri də aktiv cəlb olunurlar. Ümumilikdə, 2023-cü ildə MDU-da ulu öndərə həsr olunan 1-i respublika, 3-ü beynəlxalq olmaqla 20 elmi konfrans, 10 elmi-praktik seminar, 7 “dəyirmi masa” və 5 mühazirə təşkil edilmişdir. Tədbirlər Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi, YAP Mingəçevir şəhər təşkilatı, Mərkəzi Aran Regional Təhsil İdarəsi və tərəfdaş universitetlərin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Cari ildə universitetimiz bu istiqamətdə fəaliyyətini daha aktiv sürətdə davam etdirir. 2024-cü il mayın 3-də MDU və Mingəçevir ŞİH-in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda keçirilən respublika elmi konfransı ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, konfransa respublikamızın 33 ali təhsil və elmi tədqiqat müəssisəsindən 230-dan artıq tezis və məqalə daxil olmuşdur.
Konfransın plenar iclasında “Heydər Əliyev – Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi”, “Heydər Əliyev – Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, “Azərbaycanda dayanıqlı inkişafın əsaslarının formalaşmasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev – innovativ texnologiyaların Azərbaycan enerji sistemində tətbiqi bazasının qurucusudur” və “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi” mövzusunda məruzələr böyük maraqla dinlənilmişdir.
Məruzələrdə Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsinin dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Həmçinin sovet dönəmində Heydər Əliyevin sayəsində Azərbaycanın digər müttəfiq respublikalarla müqayisədə daha müstəqil mövqe nümayiş etdirdiyi diqqətə çatdırılmış və müdrik rəhbərin Azərbaycanın müstəqilliyinə verdiyi misilsiz töhfələrdən bəhs edilmişdir. Ulu öndərin milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik keyfiyyətlərindən söhbət açılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi dövründə dil, ədəbiyyat, mədəniyyət və incəsənət kimi sahələrin inkişafı istiqamətində görülən mühüm əhəmiyyətli işlərin Azərbaycanın dünyaya tanıdılmasında və milli ideologiyanın formalaşmasında mühüm rol oynadığı qeyd edilmişdir.
Bundan əlavə, ümummilli liderin energetika sektorunda həyata keçirdiyi islahatların Azərbaycanın tərəqqisindəki rolundan danışılmış, 1970-ci illərdə yerli imkanlar hesabına respublikanın enerji tələbatını ödəmək məqsədilə həyata keçirilən genişmiqyaslı fəaliyyəti, o cümlədən nəhəng enerji qurğularının və elektrik stansiyalarının yaradılması istiqamətində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müasir texnologiyaların tətbiqi ilə energetika sahəsini daha da müasirləşdirdiyi, bu yeniliklərin gələcək nəsillər üçün daha səmərəli və dayanıqlı enerji təminatına ciddi zəmin yaratdığı vurğulanmışdır.
Elmi konfransda qonaqlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da reallaşdırılan tədbirlərin tərkib hissəsi olaraq günəş enerji panelinin istifadəyə verilməsi münasibətilə təqdimat mərasimi keçirilmişdir. MDU-da Azərbaycanda müasir energetikanın banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfrans çərçivəsində belə bir tədbirin reallaşdırılması yüksək dəyərləndirilmiş, ölkənin elektroenergetika mərkəzi hesab olunan Mingəçevir şəhərində ilk günəş enerjisi panelinin istifadəyə verilməsinin xüsusi önəm kəsb etdiyi vurğulanmışdır. Dövlət başçısı tərəfindən bərpaolunan enerji resurslarından istifadənin artırılmasına göstərilən yüksək diqqət və qayğıdan bəhs edilərək “yaşıl enerji” sahəsinin inkişafı məqsədilə yüksəkixtisaslı kadr hazırlığının məzmununun modernləşdirilməsinin vacibliyi bildirilmişdir. Həmçinin “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na uyğun olaraq yeni dövrün universitetinə çevrilməyi və davamlı inkişaf əsaslı ali təhsil müəssisəsi olmağı hədəfləyən MDU-da günəş enerjisi panelinin istifadəyə verilməsi universitetdə “yaşıl enerji” konseptinin real nəticələrindən biri hesab edilmişdir. Günəş panelinin “davamlı inkişaf təfəkkürlü” və “yaşıl düşüncəli” vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasına mühüm töhfə verəcəyi qeyd olunmuş, açıq havada laboratoriya funksiyasını yerinə yetirəcək enerji panelinin “Energetika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarında kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağına əminlik ifadə edilmişdir.
Beləliklə, iki gün davam edən respublika elmi konfransı işini uğurla başa çatdırmışdır. Konfransa müasir Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskar oğlu, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən mövzularda çoxsaylı elmi məruzələrin təqdim olunması respublikamızın elm və təhsil ictimaiyyətinin ulu öndərin zəngin irsinin öyrənilməsinə daim yüksək maraq göstərməsinin təzahürüdür. Ənənəvi olaraq, hər il universitetdə təşkil olunan sözügedən konfransın materiallarının kitab şəklində dərc edilməsini və paylanılmasını təmin etməklə MDU dahi şəxsiyyətin mütərəqqi ideyalarının təbliğinə xüsusi həssaslıqla yanaşdığını ifadə edir.
Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliğinə həsr olunan tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru