Mingəçevir Dövlət Universitetində (MDU) Xəzər Universitetinin koordinatoru olduğu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Ali təhsildə potensialın gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA) mövzusunda Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib.
Görüşdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.
2024-cü ilin 12-15 mart tarixlərində MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev Erasmus+ layihəsi çərçivəsində İtalyanın Abruza Vilayətində yerləşən L`Aqulia Universitetində (UnivAQ) “İnstitusional tədqiqat və İnformasiya Sisteminin (İRİS-İnstitutional Research and İnformation System) tətbiqinə dair” təlimdə iştirakı barədə məlumat verərək layihənin ümumi məzmunu, məqsəd və hədəfləri barədə söhbət açıb. Bildirilib ki, təlim səfəri çərçivəsində UnivAQ-ın tədris binaları, kitabxanası, beynəlxalq əlaqələr ofisi, layihə və startapların idarə edilməsi mərkəzi və digər şöbələrinə baxış keçirilib, onların işləmə prinsipləri, tələbələrlə işin təşkili, beynəlxalq əməkdaşlığın qurulması və inkişafı kimi məsələlərlə tanış olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.