Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının müdiri, dosent, Vətən müharibəsi iştirakçısı Mahir İsmayılovun müəllifi olduğu “İxtisasa giriş” adlı dərs vəsaiti nəşr olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində çap olunmuş dərs vəsaitində sənaye sahələri, təsnifatı, yüngül sənaye, maşınqayırma və metal emalı sənayesi, qida sənayesi, metallurgiya sənayesi, energetika sənayesi, tikinti materialları sənayesi, sənaye sahələrində istifadə olunan standartlar, təkrar emal sənayesi sahələrini əhatə edən və müxtəlif sənaye sahələrində istifadə olunan müasir idarəetmə üsullarından bəhs edən mühazirə və materiallar öz əksini tapıb.
302 səhifədən ibarət olan “İxtisasa giriş” adlı dərslik “Sənaye mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. M.İsmayılovun nəsib tərtibatla hazırladığı vəsaitdən magistrantlar və doktorantlar, sənaye sahələrində çalışan texniki işçilər də faydalana bilərlər.
Qeyd edək ki, M.İsmayılov 65 elmi əsərin, o cümlədən 5 dərs vəsaitinin, 49 elmi məqalə və tezisin, 11 ədəd qrifli fənn proqramının müəllifidir. “İxtisasa giriş” adlı vəsait müəllifin sayca 6-cı dərsliyidir. Həmçinin bildirək ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş alim sözügedən dərsliyi MDU-nun şəhid məzunlarının əziz xatirəsinə ithaf edib.