2024-cü ilin 6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbi təşkil edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak edib. Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Aslan Ələkbərzadə, sədr müavini Cəmilə İsmayılova və Təhsil fakültəsinin TGT-nin sədr müavini Rövşanə İbrahimova yay məktəbində MDU-nu təmsil ediblər.
Yay məktəbi çərçivəsində “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev hər ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün yay məktəbinin təşkil edilməsinin ənənə halını aldığını bildirib və bu ilki yay məktəbinin “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edildiyini vurğulayıb. Sədr dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər birimizin öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, konfransın təşkil edilməsində əsas məqsəd həm həmkarlar ittifaqı təşkilatı olaraq, həm həmkarlar ittifaqı fəalı olaraq 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunmuş ölkəmizə öz töhfələrimizi verməkdir.
Konfransda tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini veriblər. Həmçinin yay məktəbi çərçivəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, yeni ağac tingləri əkilib.