Mühəndis təhsili, akademik mobillik və rəqəmsal transformasiya fokusunda Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti görüşü keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 20 may tarixində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumu çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işgüzar görüş keçirilmişdir.

Görüşdə hər iki ali təhsil müəssisəsinin rəhbər və akademik heyət nümayəndələri iştirak etmiş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında tədris proqramlarının uyğunlaşdırılması, mühəndislik istiqamətləri üzrə müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının təşkili, eləcə də təhsildə innovativ yanaşmaların tətbiqi məsələləri geniş müzakirə olunmuşdur.

Bununla yanaşı, mühəndislik ixtisasları üzrə ikili diplom layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mobilliyinin təşviqi, 2026/2027-ci tədris ilindən etibarən “Qonaq müəllim proqramı”nın tətbiqi, birgə elmi-tədqiqat fəaliyyətlərinin təşkili və akademik təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Həmçinin sənaye müəssisələri ilə əməkdaşlıq imkanları nəzərə alınmaqla tələbələrin istehsalat təcrübələrinin daha səmərəli təşkili məsələləri diqqət mərkəzində olmuşdur.

Görüş çərçivəsində Mingəçevir Dövlət Universitetinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2025/2026-cı tədris ilindən etibarən təkmilləşdirilərək yenidən tətbiq olunan Elektron Təhsil Platforması ilə tanış olmuşlar. Platformanın funksional imkanları, rəqəmsal təhsil mühitinin formalaşdırılmasına verdiyi töhfə, tədris prosesinin idarə olunması, tələbə-müəllim əlaqələrinin operativ təşkili və qiymətləndirmə mexanizmləri barədə ətraflı məlumat təqdim edilmişdir.

Qeyd edilmişdir ki, hər iki universitet arasında əməkdaşlığın inkişaf etdirilməsi ali təhsildə keyfiyyətin yüksəldilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, innovativ tədris metodlarının tətbiqi və yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.