16 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində “Ənənəvi enerjidən yaşıl enerjiyə keçid” mövzusunda elmi seminar keçirilib. Seminar, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Azərbaycanın enerji sektorunda həyata keçirilən ekoloji və davamlı inkişaf yönümlü islahatlara həsr olunub.
Tədbir, universitetin Energetika kafedrasının müdiri Ülkər Aşurovanın moderatorluğu ilə həyata keçirilib. Seminarda Mingəçevir Dövlət Universitetinin mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva giriş sözü ilə çıxış edərək, Azərbaycanın yaşıl enerji siyasətinə verdiyi diqqəti vurğuladı və bu siyasətin ölkənin gələcək inkişafında oynadığı mühüm rolu qeyd edib.
Seminar çərçivəsində tələbələr də mövzular üzrə müxtəlif çıxışlar edib. Xumar Alxasova, EnM21 saylı qrupun tələbəsi, “Azərbaycanda geotermal enerji resursları və onların inkişaf perspektivləri”, EnM22 saylı qrup tələbəsi Asiman Şahbazov “Nüvə enerjisinin əlverişli istifadəsi və istehsalı texnologiyaları” EEM23 saylı qrup tələbəsi Nahid Qarayev “Enerjinin toplanmasında yaşıl hidrogenin rolu” haqqında çıxış edərək, yaşıl hidrogenin enerji saxlama texnologiyalarındakı əhəmiyyətindən bəhs edib. Eyni qrupdan Nigar Məmiyeva “Külək elektrik stansiyalarında potensial fəlakətlər zamanı yaranan problemlər və onların həlli yolları”, EnM22 saylı qrup tələbəsi Rəfayıl Ağayev “Aktiv sistemlər üçün günəş panellərinin səmərəliliyi” mövzusunda çıxış edərək, günəş enerjisindən istifadənin daha effektiv yollarını izah edib.
Tədbir boyunca tələbələrin məruzələri geniş müzakirə olundu. Müzakirələrdə yaşıl enerji keçidinin aktual məsələləri və bu sahədə gələcək perspektivlər barədə suallar cavablandırıldı.
Seminarın sonunda çıxış edən Almaz Əliyeva belə tədbirlərin davamlı keçirilməsinin tələbələrə həm nəzəri, həm də praktiki biliklər qazandıracağını vurğuladı və yaşıl enerji sahəsində gələcək araşdırmaların və layihələrin təşviq olunmasının vacibliyini qeyd edib.
Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün həm təhsil, həm də peşəkar inkişaf baxımından mühüm bir təcrübə olan seminar, onların yaşıl enerjinin əhəmiyyətini daha dərindən anlamağa imkan yaratdı.