Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutunun təşkilatçılığı ilə 13 may 2026-cı il tarixində “Yaşıl enerji sistemləri və iqlim davamlılığı: LCA, karbon izi və dayanıqlı siyasət strategiyaları” mövzusunda tədbir keçiriləcək.
Tədbirin əsas məqsədi yaşıl enerji sistemləri, iqlim davamlılığı, karbon emissiyalarının azaldılması, rəqəmsal enerji həlləri və dayanıqlı inkişaf siyasətləri istiqamətində aktual məsələlərin müzakirəsi, eləcə də bu sahədə elmi-praktik yanaşmaların təşviq edilməsidir.
Tədbir 13 may 2026-cı il tarixində saat 15:00-da “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində keçiriləcək.
Tədbirin açılışında Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutunun direktoru, dosent Ruhiyyə Hüseynova giriş sözü ilə çıxış edəcək.
Proqram çərçivəsində ağıllı şəbəkələr, süni intellekt əsaslı enerji optimallaşdırılması, karbon emissiyalarının idarə olunması, COP31 sonrası iqlim öhdəlikləri, NDC-lər, enerji sektorunda ekoloji risklər, bərpa edilə bilən enerji mənbələrinin rəqəmsal texnologiyalarla inteqrasiyası, dövri iqtisadiyyat modeli və enerji sistemlərinin həyat dövri qiymətləndirilməsi (LCA) kimi aktual mövzular üzrə məruzələr dinləniləcək.
Tədbirdə akademik heyət, tələbələr, tədqiqatçılar, enerji sektoru üzrə mütəxəssislər, dövlət və özəl sektor nümayəndələri, eləcə də dayanıqlı enerji və iqlim siyasətləri sahəsinə maraq göstərən iştirakçılar iştirak edəcəklər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər universitetin yaşıl kampus və dayanıqlı inkişaf strategiyası çərçivəsində ekoloji məsuliyyətin, innovativ enerji həllərinin və iqlim davamlılığı yanaşmalarının təşviqinə xidmət edir.