Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

  • Post category:MDU xəbərləri

16 yanvar 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş “Azərbaycan dövlətinin müstəqilliyində və xalqın birliyində yaşayan şərəf və ölməzlik tarixi: 20 Yanvar” mövzusunda elmi konfrans keçirilib. Konfransda  MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib.
Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir qəqiqəlik sükutla  anılıb.Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik mübarizəsi tarixindəki əhəmiyyətini vurğulayıb və bu hadisələrin milli yaddaşın ayrılmaz hissəsi olduğunu qeyd edib.
Açılış nitqindən sonra 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş etdirilib.
Konfransda 20 Yanvar hadisələrinin tarixi və ədəbi əhəmiyyəti ilə bağlı bir sıra maraqlı məruzələr təqdim edilib. MDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Vüsalə Mövlayeva “Qanlı 20 Yanvar: tarixi baxış və tarixi dərs”, MDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “20 Yanvar faciəsi bədii ədəbiyyatımızda”,  MDU-nun müəllimi, AMEA Tarix İnstitutunun doktorantı Xədicə Abdullayeva “Müstəqilliyə çatdıran qəhrəmanlıq və iftixar tarixi: 20 Yanvar” mövzularında çıxış ediblər.
Konfransda təqdim olunan məruzələr və müzakirələr iştirakçılara 20 Yanvar hadisələrini daha dərindən anlamaq və gələcək nəsillərə bu əhəmiyyətli tarixi hadisələri ötürmək üçün yeni perspektivlər təqdim edib. Tədbirin sonunda iştirakçılar belə anım tədbirlərinin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb və milli yaddaşın qorunmasının önəmini qeyd ediblər. Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinə həsr edilən müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir.