2025-ci il 17 yanvar tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətində “Dövlət idarəçiliyi: Yerli İcra Hakimiyyəti sistemində müasir təcrübə və davamlı inkişafın perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi, Biznes və menecment kafedrasının pedaqoji heyəti və ixtisas tələbələri, həmçinin yerli idarəetmə qurumlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masa, həmçinin “Konstitusiya və suverenlik ili” çərçivəsində ölkənin idarəetmə sahəsində müasir məsələlərin müzakirəsinə həsr olunub. Tədbirin məqsədi tələbələrin praktiki tədrisə marağını artırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda dövlət idarəçiliyinin effektivliyini və gələcək inkişaf perspektivlərini müzakirə etmək olub.
Tədbirdə yerli icra hakimiyyəti sahəsindəki müasir təcrübə və yeniliklər barədə geniş müzakirələr aparılıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin baş məsləhətçisi Xanlar Qurbanov, Mingəçevir Bələdiyyəsinin “Sosial və İqtisadi İnkişaf” şöbəsinin müdiri Zahid Qasımlı və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Gültac Rzabəyli-Alıyeva tədbirdə çıxış edərək, yerli idarəetmə, ekologiya və sosial-iqtisadi sahələrdəki yeniliklərə dair ətraflı məlumat veriblər.
Tədbirdə iştirak edən tələbələrə qarşılıqlı fikir mübadiləsi aparılıb və onların suallarına ətraflı cavablar verilib. Bu cür tədbirlər tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirmələrinə və peşəkar inkişaflarına töhfə verəcəkdir.
Dəyirmi masanın sonunda Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə oxşar seminarların və tədbirlərin mütəmadi olaraq təşkil edilməsi barədə razılaşma əldə edilib. Bu əməkdaşlıq təhsil və idarəetmə sahələrinin sıx əlaqədə inkişafını təmin edəcək və tələbələrin peşəkar inkişafına mühüm töhfələr verəcəkdir.