Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Gənc Alimlər Şurasının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş növbəti iclası keçirilib.
İclasın əsas məqsədi 2025–2026-cı tədris ili ərzində Gənc Alimlər Şurasının fəaliyyəti üzrə görülmüş işlərin yekunlarının qiymətləndirilməsi, əldə olunan nəticələrin təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.
İclası Gənc Alimlər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Saqib Məmmədov açıq elan edərək gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, çıxışında 2025–2026-cı tədris ili ərzində Şuranın fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirləri ümumiləşdirərək əldə olunan nəticələri qiymətləndirib və gənc alimlərin universitetin elmi inkişafında fəal iştirakının əhəmiyyətini vurğulayıb. Daha sonra MDU-nun Elmi tədqiqat və innovasiya şöbəsinin müdiri Ramil Həsənov çıxış edərək universitetdə elmi mühitin daha da gücləndirilməsi, beynəlxalq nüfuza malik indeksli jurnal və konfranslarda elmi tədqiqatların sayının və keyfiyyətinin artırılması, elmi əməkdaşlığın genişləndirilməsi, gənc alimlərin peşəkar inkişaf imkanlarının genişləndirilməsi və Şuranın qarşıdakı dövr üçün əsas fəaliyyət prioritetləri barədə ətraflı məlumat verib.
İclas çərçivəsində Şura üzvlərinin rəy və təklifləri dinlənilib, gənc tədqiqatçıların elmi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda 2026–2027-ci tədris ili üçün nəzərdə tutulan fəaliyyət planının əsas istiqamətləri müzakirə olunub, gənc alimlərin akademik inkişafının dəstəklənməsi və elmi-tədqiqat keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra qərarlar qəbul edilib.