“Pedoqoji uğurun açarı: Dərs metodlarında innovasiyalar” mövzusundamaarifləndirici təlim keçirilib

  • Post category:MDU xəbərləri

30 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrası və Gənc Alimlər Şurasının birgə təşkilatçılığı ilə “Pedoqoji uğurun açarı: Dərs metodlarında innovasiyalar” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi – müəllimlərin müasir tədris modelləri ilə tanışlığı, öyrənmə prosesinin şagirdyönümlü/tələbəyönümlü və interaktiv şəkildə qurulması, həmçinin praktik tətbiqlə dəstəklənməsi idi. Təlimdə müəllimlərlə yanaşı yuxarı kurs tələbələri və magistrantlar iştirak edirdilər.
Təlimçi, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, fil.ü.f.d Səadət Ağakişiyeva iştirakçılara “Təhsildə yeni innovativ modellər: “Öyrənmə halqası modelləri”nin mahiyyəti, mərhələləri və tətbiq mexanizmləri barədə ətraflı məlumat verdi. Əsas diqqət Robert Karplusun təcrübəyə əsaslanan öyrənmə modeli və onun praktikada necə istifadə edilə biləcəyi üzərində cəmləndi.
Təlim zamanı iştirakçılar Öyrənmə Halqası modelinin, xüsusilə də 5E və 7E (Engage, Explore, Explain, Elaborate, Evaluate) modellərinin tətbiq prinsipləri ilə tanış oldular. Təlimin əsas diqqəti isə 5E modelinin strukturu və sinif şəraitində effektiv istifadəsinə yönəldildi. Praktik nümunələrlə zənginləşdirilmiş interaktiv təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Təlimin sonunda iştirakçılara 5E modelinə əsaslanan dərs nümunələri təqdim edildi və gələcəkdə bu modelin kurikulumla inteqrasiyası yolları ətrafında fikir mübadiləsi aparıldı.