Mingəçevir Dövlət Universitetində görkəmli elm xadimi, kimya elminin inkişafında müstəsna xidmətləri olan akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “İntellektual mübarizə” adlı bilik yarışı təşkil edilib.
Tədbir çərçivəsində əvvəlcə akademikin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub. Ardınca iştirakçılara Yusif Məmmədəliyevin Azərbaycan elmi qarşısındakı böyük xidmətləri və ölkə başçısı cənab İlham Əliyevin yubileyin qeyd edilməsi ilə bağlı imzaladığı 05.07.2025-ci il tarixli sərəncam haqqında məlumat verilib.
Bilik yarışması haqqında qaydalar təqdim edildikdən sonra yarışa start verilib. Hər birində 6 tələbə olmaqla ümumilikdə 6 komanda — “Qarabağ”, “Kainat”, “Zəfər”, “Green life”, “Global green team” və “Xarı bülbül” komandaları yarışmada iştirak edib. Komandaların ardıcıllığı püşkatma yolu ilə müəyyən olunub.
Yarışın ilk 3 mərhələsi üzrə hər mərhələdə 15 sual səsləndirilib.
1-ci mərhələ: “Qarabağ” və “Global green team” komandaları arasında baş tutub və qalib “Qarabağ” komandası olub.
2-ci mərhələ: “Green life” və “Xarı bülbül” komandalarının mübarizəsi ilə davam edib və qalib “Xarı bülbül” komandası olub.
3-cü mərhələ: “Kainat” və “Zəfər” komandaları yarışıb və qalib “Kainat” komandası müəyyənləşib.
Üç mərhələnin qalibləri – “Qarabağ”, “Xarı bülbül” və “Kainat” komandaları finala yüksəlib. Final mərhələsində təqdim olunan suallara cavablar əsasında komandaların yekun nəticələri müəyyən olunub.
Nəticələrə əsasən:
1-ci yer – “Kainat” komandası (13 bal)
2-ci yer – “Xarı bülbül” komandası (12 bal)
3-cü yer – “Qarabağ” komandası (11 bal)
Tədbirin sonunda qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.