2026-cı ilin 17 fevral tarixində Mingəçevir Gənclər Evində Mingəçevir Dövlət Universitetinin Mexanika və İnformasiya texnologiyaları kafedralarının birgə təşkilatçılığı ilə “Ağıllı şəhər texnologiyaları” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd müasir şəhərlərin idarə olunmasında innovativ texnologiyaların tətbiqi imkanlarını müzakirə etmək, şəhər infrastrukturu və xidmətlərinin daha səmərəli təşkili istiqamətində yeni yanaşmalar barədə iştirakçıları məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə açan Mexanika kafedrasının müdiri Mahir İsmayılov ölkədə elan olunmuş “Memarlıq və şəhərsalma ili” çərçivəsində və MDU-nun dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq şəhər nəqliyyat sistemlərinin müasir texnologiyalar vasitəsilə idarə olunması və inkişaf perspektivləri barədə məlumat verib. O, bu sahədə mövcud problemlər və onların həlli yollarına toxunaraq tədqiqatçılara və iştirakçılara uğurlar arzulayıb.
Təlim çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar dinlənilib. İnformasiya texnologiyaları kafedrasının müəllimi Elgiz Mahmudov “Ağıllı idarəetmə və rəqəmsal xidmətlər”, Mexanika kafedrasının müəllimi Tünzalə Əlifova “Ağıllı nəqliyyat sistemləri”, İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova “Ağıllı şəhər konsepsiyası: ağıllı texnologiyaların müasir şəhərlərə tətbiqi”, Leyla Şükürova isə “Enerji səmərəliliyi və yaşıl texnologiyalar” mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda ağıllı şəhər texnologiyalarının tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, şəhər nəqliyyatının optimallaşdırılması və enerji səmərəliliyinin artırılması istiqamətində müasir yanaşmalar barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.