Yevlax rayonunun M.Kərimova adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbində “Plastik tullantılar və mikroplastiklərin su mühitinə təsiri” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbirdə Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müəllimi Səbinə İbrahimovanın təqdimatı ilə məktəbin şagirdləri iştirak ediblər.
Təlim zamanı plastik tullantıların ətraf mühitə, xüsusilə su hövzələrinə göstərdiyi mənfi təsirlər, mikroplastiklərin yaranma mexanizmi və onların ekosistemlərə təsiri barədə geniş məlumat verilib. Səbinə İbrahimova təqdimatında plastik tullantıların təbiətdə parçalanma müddəti, onların okean və dəniz canlıları üçün yaratdığı təhlükələr, eləcə də mikroplastiklərin qida zənciri vasitəsilə insan sağlamlığına mənfi təsirləri barədə faktlar və vizual materiallar əsasında ətraflı izahlar təqdim edib.
Çıxış zamanı xüsusilə qeyd olunub ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan buraya daxil olan plastik tullantılar uzun müddət ekosistemdə qalır və müxtəlif ekoloji problemlərə səbəb olur. Sahilboyu ərazilərə atılan plastik butulkalar və paketlər zamanla günəş şüalarının və dalğaların təsiri ilə parçalanaraq mikroplastik hissəciklərə çevrilir. Bu hissəciklər Xəzərin endemik növü olan Xəzər suitiləri və nərə balıqları üçün ciddi təhlükə yaradır.
Eyni zamanda vurğulanıb ki, Azərbaycanın əsas şirin su mənbələrindən biri olan Kür çayı transsərhəd çay olduğu üçün müxtəlif mənbələrdən gələn plastik tullantıları da öz axını ilə ölkə ərazisinə gətirir. Aparılan araşdırmalarda Kür çayının suyunda mikroskopik plastik liflərin mövcudluğu müşahidə olunub ki, bu da həm kənd təsərrüfatı suvarma sistemlərinə, həm də dolayısı ilə içməli su ehtiyatlarına təsir göstərir.
Təlimdə plastik tullantıların suyun səthində təbəqə yaradaraq suyun oksigenlə zənginləşməsinə mane olduğu, bunun isə sualtı bitki örtüyünün məhv olmasına və balıqların oksigen çatışmazlığı ilə üzləşməsinə səbəb olduğu qeyd edilib. Həmçinin Azərbaycanın milli parklarının sahil zonalarında plastik tullantıların su quşlarının həyatına təhlükə yaratdığı diqqətə çatdırılıb.
Şagirdlərə izah olunub ki, plastik çirklənməsi yalnız uzaq okeanların deyil, həm də Xəzər dənizi, Kür və Araz çayları kimi regionun mühüm su hövzələrinin aktual problemidir. Bildirilib ki, sahilə atılan bir plastik qab illər sonra mikroplastik hissəciklər şəklində qida zənciri vasitəsilə yenidən insanlara qayıda bilər. Bu isə ekoloji problemlə yanaşı, ictimai sağlamlıq baxımından da ciddi risk yaradır.
Təlim çərçivəsində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik paketlərin satış və istifadəsinin qanunvericiliklə qadağan edildiyi də qeyd olunub və şagirdlər dövlətin ekoloji qaydalarına əməl etməyə çağırılıblar.
Tədbirin praktiki hissəsində şagirdlərlə birlikdə məktəbin həyətyanı sahəsində plastik tullantıların toplanması aksiyası keçirilib. Toplanan tullantılar ətraf mühitin qorunmasında hər bir fərdin məsuliyyətinin vacibliyini bir daha nümayiş etdirib.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin əsas məqsədi gənc nəsildə ekoloji məsuliyyət hissini gücləndirmək, “sıfır tullantı” mədəniyyətinin formalaşmasına töhfə vermək və təbiətin qorunmasına yönəlmiş ictimai təşəbbüslərin genişləndirilməsidir. Təlimin sonunda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və plastik tullantıların azaldılmasının su ekosistemlərinin qorunması, qida təhlükəsizliyi və gələcək nəsillər üçün sağlam mühitin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.