Mingəçevir Dövlət Universitetində “Ömürboyu Təhsil və Mikrosertifikatlar” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində müasir dövrdə fasiləsiz təhsilin əhəmiyyətinin artırılması, fərdlərin bilik və bacarıqlarını daim yeniləməsinin təşviqi və mikrosertifikat əsaslı təhsil imkanları haqqında maarifləndirmə məqsədilə “Ömürboyu Təhsil və Mikrosertifikatlar” mövzusunda təlim təşkil olunub.

Tədbir universitetin Ömürboyu Təhsil Məktəbinin təşəbbüsü ilə həyata keçirilib və tələbələr, gənc mütəxəssislər, eləcə də bilik və bacarıqlarını inkişaf etdirmək istəyən digər iştirakçılar üçün nəzərdə tutulub.

Təlim zamanı iştirakçılara ömürboyu təhsil konsepsiyasının mahiyyəti, sürətlə dəyişən əmək bazarında yeni bacarıqların əldə edilməsinin vacibliyi və qısa müddətli təhsil proqramlarının yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib. Xüsusilə mikrosertifikat proqramlarının fərdlərin peşəkar inkişafında oynadığı rol, bu sertifikatların beynəlxalq təhsil mühitində və əmək bazarında artan əhəmiyyəti diqqətə çatdırılıb.

Sessiya çərçivəsində iştirakçılar müxtəlif onlayn və oflayn təhsil platformaları, qısa müddətli kurslar və ixtisasartırma proqramları vasitəsilə yeni bilik və bacarıqlar əldə etməyin yolları ilə tanış olublar. Təlimdə həmçinin mikrosertifikatların əldə olunması prosesi, onların fərdi karyera inkişafına və peşəkar kompetensiyaların artırılmasına töhfəsi barədə praktiki nümunələr təqdim edilib.

Təlim interaktiv müzakirələr və fikir mübadiləsi şəraitində davam edib, iştirakçılar fasiləsiz təhsil imkanlarından səmərəli istifadə, şəxsi inkişaf strategiyalarının qurulması və gələcək karyera planlaşdırılması ilə bağlı suallarını mütəxəssislərə ünvanlamaq imkanı əldə ediblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ömürboyu təhsil prinsiplərinin təşviqi, müasir və çevik təhsil modellərinin tətbiqi və fərdlərin davamlı inkişafının dəstəklənməsi istiqamətində bu kimi maarifləndirici təlimlər mütəmadi olaraq təşkil edilir.