Mingəçevir Dövlət Universitetində “Süni intellekt əsaslı təhsilin elmi-konseptual çərçivəsi və qlobal baxış” moduluna start verilib

  • Post category:MDU xəbərləri

09 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universiteti tərəfindən “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda beynəlxalq səviyyəli 5 günlük təlim proqramı rəsmi olaraq açılmışdır. Təlim Azərbaycan Respublikasının rəqəmsal inkişaf strategiyalarına uyğun olaraq ali təhsil sistemində innovativ yanaşmaların tətbiqi, insan kapitalının gücləndirilməsi və rəqəmsal bacarıqların inkişaf etdirilməsi məqsədi daşıyır.

Qlobal miqyasda sürətlənən rəqəmsal transformasiya prosesləri fonunda süni intellekt texnologiyalarının tədris mühitinə inteqrasiyası ali təhsilin modernləşdirilməsinin əsas istiqamətlərindən biri hesab olunur və keçirilən təlim bu strateji məqsədlərə xidmət edir. Tədbirdə Mingəçevir Dövlət Universiteti ilə yanaşı, Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrini təmsil edən Orta Doğu Teknik Üniversitesi, OSTİM Teknik Üniversitesi, Gazi Üniversitesi, TED Üniversitesi, Kahramanmaraş İstiklal Üniversitesi və Recep Tayyip Erdoğan Üniversitesi-nin tanınmış alim və mütəxəssisləri iştirak etmişlər. Beynəlxalq tərəfdaşların iştirakı tədbirin elmi-metodoloji səviyyəsini və beynəlxalq əhəmiyyətini artırmışdır.

Təlim onlayn formatda Microsoft Teams platforması üzərindən təşkil olunmuş, sessiyalar Azərbaycan vaxtı ilə 11:00–12:00 və 15:00–16:00 aralığında keçirilmişdir. İştirakçılar QR kod vasitəsilə sistemə qoşulmuş və interaktiv müzakirələrdə fəal iştirak etmişlər. Təlimdə 89 nəfər iştirak etmişdir.

Təlim proqramının birinci günü “Süni intellekt əsaslı təhsilin elmi-konseptual çərçivəsi və qlobal baxış” mövzusuna həsr olunmuşdur. Modulun moderatoru MDU-nun elmi işlər üzrə prorektoru, dosent Natavan Namazova olmuşdur. Günün ilk elmi məruzəsi Gazi Üniversitesi-nin professoru Dr. Hacer Karacan tərəfindən “Süni intellekt texnologiyalarının elmi əsasları və ali təhsildə tətbiq modelləri” mövzusunda təqdim edilmişdir. Məruzədə süni intellektin nəzəri-metodoloji əsasları, qlobal təhsil trendləri, ali təhsildə transformasiya prosesləri, müəllimin dəyişən funksiyası və rəqəmsal səriştələrin formalaşdırılması məsələləri ətraflı təhlil olunmuşdur. Sessiyadan sonra keçirilən praktiki simulyasiya mərhələsində iştirakçılar süni intellekt alətlərinin tədris prosesində tətbiqi üzrə praktik bacarıqlar əldə etmişlər.

Günün ikinci sessiyasında OSTİM Teknik Üniversitesi-nin professoru Dr. Alparslan Durmuş “Süni intellekt ilə tədris məzmununun hazırlanması” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə generativ süni intellekt alətləri – Gemini, Microsoft Copilot, Grok, DeepSeek və ChatGPT – vasitəsilə tədris materiallarının hazırlanması və qiymətləndirilmə mexanizmləri təqdim edilmiş, həmçinin akademik dürüstlük və plagiatın qarşısının alınması məqsədilə Turnitin və iThenticate sistemlərinin funksiyaları barədə məlumat verilmişdir. Praktiki simulyasiya sessiyasında iştirakçılar AI əsaslı tədris alətlərini real təhsil mühitində tətbiq etmişlər.

Ümumilikdə, beynəlxalq təlim proqramı ali təhsildə süni intellektin effektiv tətbiqi istiqamətində elmi-metodoloji bazanın gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və regionun elmi-pedaqoji potensialının inkişafına mühüm töhfə verməkdədir. Təlim proqramının növbəti günlərdə də davam etdirilməsi və süni intellekt əsaslı innovativ yanaşmaların ali təhsil sistemində sistemli şəkildə tətbiqi müzakirə ediləcəkdir.