Mingəçevir Dövlət Universitetində “Şəhər Kənd Təsərrüfatı və Urban Farming” mövzusunda təlim keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetində “Şəhər Kənd Təsərrüfatı və Urban Farming” mövzusunda təlim təşkil olunub.

Universitetin İqtisadiyyat kafedrasının müəllimi Ələsfər Musayev tərəfindən keçirilən təlimdə şəhər mühitində kənd təsərrüfatı fəaliyyətinin təşkili, urban farming yanaşmasının müasir şəhər planlamasındakı rolu və dayanıqlı inkişaf baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində iştirakçılara məhdud resurslar şəraitində səmərəli istehsal modelləri, şəhər daxilində yaşıl sahələrin artırılması imkanları, eləcə də innovativ aqrotexnologiyaların tətbiqi istiqamətində praktik yanaşmalar təqdim olunub. Eyni zamanda, urban farming konsepsiyasının ərzaq təhlükəsizliyinin təmin olunmasına və ekoloji tarazlığın qorunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.

İnteraktiv müzakirələr şəraitində keçən təlim zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsi, müasir çağırışlara uyğun kompetensiyaların formalaşdırılması istiqamətində bu cür təlim və seminarların təşkili davam etdirilir.